Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?

Ötən həftədən bu günə kimi Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - "gözqamaşdıran məbləğdə" pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.

Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.

Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil.

Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.

Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər - çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.

Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu, "yüksək vəzifə + uzun staj" deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.

Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.

Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.

Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.

Ramiz Mehdiyevin 20 minə yaxın təqaüd aldığı da iddia edilir.

Bu barədə  danışan iqtisadçı Natiq Cəfərli deyib ki, nə qədər yüksək məbləğ toplansa da, onun pensiyasının 12 mindən çox olması iddiası həqiqəti əks etdirmir:

"Dövlət qulluğu ilə bağlı bu şəxslər müəyyən üstünlüklər qazanırlar. Amma keçmiş baş nazirlər 6 min manata yaxın təqaüd alırlar. Ramiz Mehdiyevin 12 mindən çox təqaüd alması o qədər də inandırıcı deyil. Bəzən deyirlər ki, 20 minə yaxın təqaüd alır. Bu, real ola bilməz".

Bəs Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə, onun pensiyası kəsilə və azaldıla bilərmi? Qanun nə deyir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, pensiya vətəndaşın işləyərək dövlət tərəfindən qazandığı hüquqdur. Onun sözlərinə görə, cəza çəkən məhkumlar belə pensiya alırlar:

"Yəni Ramiz Mehdiyevin əmək haqlarına uyğun hesablanmış pensiyası ömrünün sonuna kimi ona veriləcək. O, bundan məhrum oluna bilməz. Onun 20 min pensiya alması isə mümkün deyil. Ramiz Mehdiyev prezidentdən yüksək pensiya ala bilməz ki...

Nəzərə alaq ki, Mehdiyevin işlədiyi dövrlər əmək haqları çox aşağı olub. Son 5-10 il ərzində qalxıb. Buna görə də 15-20 minlik pensiya real deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31