Prezident İlham Əliyev: Bakı və Astananın aktiv qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır (TAM BƏYANAT)

Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır.

Olaylar xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Əziz dostlar.

Əvvəlcə səmimi qəbula, qonaqpərvərliyə, qardaş Qazaxıstana səfərə dəvətinə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Qazaxıstanı mütəmadi ziyarət edirəm və Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə görürəm. Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir.

Həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.

Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.

Kasım-Jomart Kemeleviçə, birincisi, həm mənim, həm də ölkəmizin ünvanına xoş sözlərə, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə çox minnətdaram. Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq.

Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Sizin eşitdikləriniz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır.

Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir.

Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir.

Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bunlar İslam Əməkdaşlıq Təşkilatının sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir.

Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən, hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir.

Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.

Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur - Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq.

Bu gün müzakirə etdiyimiz digər məsələlərlə bağlı Kasım-Jomart Kemeleviç hər şeyi danışdı və mənim əlavə edəcəyim heç nə yoxdur.

Qardaş münasibətinə, səmimi qəbula görə, sadəcə olaraq, bir daha minnətdarlığımı ifadə etmək və Prezident Tokayevi gələn il istənilən uyğun vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim.

Sağ olun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31