Müharibənin uzanmasının əsl səbəbi: Rusiyanın Donetskdəki çətinliyi və ABŞ-nin strateji marağı – ÖZƏL
16:00 Siyasət"Rusiyanın əsas məqsədi ümumilikdə Donbas bölgəsini ələ keçirməkdir. Donetskdə hələ də bir sıra şəhərlər Ukraynanın nəzarətində qalır və Rusiya həmin şəhərlərin təhvil verilməsini istəyir. Əsas çətinlik ondadır ki, Rusiya bu şəhərləri özü tam işğal edə bilmir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib: "Uzun müddətdir ki, həmin şəhərlərin ətrafında döyüşlər davam edir, lakin Rusiya bütün səylərinə baxmayaraq bu əraziləri ələ keçirməkdə çətinlik çəkir. Bu da, nəticə etibarilə, müharibənin uzanmasına səbəb olan əsas amillərdən biridir".
Siyasi şərhçi bildirib ki, Rusiyanın məqsədi Donbas bölgəsini, yəni Donetsk və Luqansk vilayətlərini tam ələ keçirdikdən sonra Ukraynada müharibənin dayandırılması təşəbbüsü ilə çıxış etməkdir. Yəni bundan sonra Rusiya hücum mövqeyindən müdafiə mövqeyinə keçməyi planlaşdırır.
"Lakin burada mühüm məqam var: Ukrayna tərəfi də həmin bölgələrdə kifayət qədər güclü şəkildə müqavimət göstərir. ABŞ-nin əsas məqsədi isə müharibənin dayandırılmasıdır. Bunun nəticəsinin necə olacağı Tramp üçün o qədər də əhəmiyyət daşımır", - deyə ekspert əlavə edib.
ABŞ nəyə görə müharibənin dayandırılmasında maraqlıdır?
Ukraynada "Mineral ehtiyatların istismarı haqqında" müqavilə imzalanıb. ABŞ-nin əsas niyyəti həmin təbii resursların, xüsusilə nadir torpaq elementlərinin hasilatıdır. Bu maddələr informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin və yüksək texnoloji istehsalın inkişafında mühüm rol oynayır. ABŞ hal-hazırda bu sahələrdə, xüsusilə də texnoloji üstünlük baxımından Çinlə ciddi rəqabət aparır və bu səbəbdən Ukraynadakı mineral resurslara çıxış onun üçün strateji əhəmiyyət daşıyır. Məhz buna görə də Tramp müharibənin dayandırılması üçün bütün imkanlarını səfərbər etməyə çalışır. Bunu həm Ukrayna, həm də Rusiya tərəfi yaxşı anlayır. Əslində, hər iki ölkə ABŞ-dən bu məsələlərlə bağlı müəyyən güzəştlər tələb edir. ABŞ həm Rusiyanı, həm də Ukraynanı razı salmalı olur.
"Təbii ki, Ukrayna ərazi güzəştlərinə razı deyil və heç bir halda öz torpaqlarının itirilməsini qəbul etmir. Sadəcə, Prezident Zelenski bəyan etmişdi ki, hazırkı təmas xətti çərçivəsində atəşkəsə razıdırlar. Lakin bu, Rusiya üçün sərfəli deyil, çünki Donbas bölgəsində tam nəzarət hələ də təmin edilməyib, bəzi şəhərlər hələ Ukraynanın nəzarətindədir. Bundan başqa, Ukraynanın həmin əraziləri Rusiya torpaqları kimi tanımaması da Moskva üçün ciddi problem yaradır. Rusiya tərəfi ehtiyat edir ki, gələcəkdə Ukrayna Qərb dövlətlərinin dəstəyi ilə əks-hücum əməliyyatlarına başlayaraq işğal edilmiş torpaqlarını geri qaytara bilər", - deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin fikrincə, yaxın müddətdə tərəflər arasında hər hansı razılaşmanın əldə olunması mümkün görünmür. Yəni yaxın dövrdə bu məsələlərlə bağlı ciddi sülh razılaşması gözlənilmir.
Sevda Dəniz