Kreml güzəştə getmirsə, sülh necə mümkün olacaq? - ÖZƏL

"ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşünün təxirə salınması Kremlin Ukrayna münaqişəsi ilə bağlı hələ də güzəştlərə meyilli olmadığını göstərir. Vaşinqton isə istəyir ki, Rusiya sərt və prinsipial mövqeyindən geri çəkilsin və danışıqlarda hegemon rol oynamasın. Çünki bu cür münasibət Ukrayna tərəfindən qəbuledilməz sayılır və prosesləri dalana dirəyir".


Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Donald Tramp da öz növbəsində Ukraynanı güzəştlərə getməyə təhrik edir, əks halda vəziyyətin daha da pisləşəcəyini açıq şəkildə bildirir. Onun hazırkı strategiyası təzyiq və güzəştlərin qarşılıqlı balansına əsaslanır. Bu metod İran, Çin və NATO ilə danışıqlarda müəyyən nəticə versə də, hər zaman effektiv olmur. DonaldTrampın yanaşması tərəflərin müəyyən itkiləri qəbul edərək razılığa gəlməsi üzərində qurulub. Lakin Rusiya üçün ABŞ təzyiqləri hələlik ciddi nəticə doğurmur. ABŞ Rusiyaya sanksiyaları balanslı şəkildə tətbiq etməklə dialoq üçün müəyyən imkan saxlayır.  
Buna baxmayaraq, Donald Trampın metodu Ukraynada müharibənin tempini azaltmağa kömək edə bilər, lakin sülhü təmin etmək gücündə deyil. Çünki kompromisə əsaslanmayan və ədalətli hesab olunmayan razılaşmaların davamlı nəticə verməsi çətindir.
Rusiya da işğal etdiyi strateji əraziləri Ukrayna ilə barter etməyə hazır görünmür. Moskva Donetsk və Luqanskı öz ərazisi sayır, Xerson və Zaporojyeni isə Qara dəniz və Krımın təhlükəsizliyi baxımından həyati önəmli hesab edir. Bu səbəbdən strateji bölgələrdən imtina Rusiya üçün həm siyasi, həm də hərbi uğursuzluq kimi dəyərləndirilər.
Nəticə etibarilə, Trampın "qamçı və kökə" metodu müharibəni tam bitirməkdən çox, onun intensivliyini azaltmaq məqsədinə xidmət edir. Sülhün bərqərar olması üçün isə təhlükəsizlik və ərazi məsələlərinin dəqiq şəkildə həll edilməsi zəruridir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31