Ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir- ÖZƏL

"İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.

Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılmışdır. Beləki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Zəngilanda, xüsusilə də ilk "Ağıllı kənd" layihəsinin icra olunduğu Ağalı kəndində sürətli bərpa və yenidənqurma işləri, həmçinin yaşayış komplekslərinin, infrastruktur layihələrinin və Zəngəzur dəhlizi boyunca avtomobil və dəmir yolu layihələrinin həyata keçirilməsi bu günün əhəmiyyətini artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31