Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkəsi birləşərək əməkdaşlığa yeni səhifə açacaq- ÖZƏL

"Azərbaycan Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və prezidentlərin şəxsi dostluq müanisbətləri üzərində günü-gündən inkişaf etməkdədir. Son illər dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdikləri qarşılıqlı rəsmi və işgüzar səfərləri ölkələrarası münasibətlərdə yeni horizontlar açmışdır. İki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və təqribən 170 sənəd ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaratmışdır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib: "Təbii ki, siyasi münasibətlərin dərinləşməsinin təməlində iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan yerləşdikləri coğrafiyadan çox səmərəli istifadə edərək bir yerdə Orta dəhilizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında körpü yarada bilmişdir. Bu faktor yüklərin çatdırılmasında mühüm rol oynamqla yanaşı, həm də tranzit potensialını artırmışdır. Belə ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olmuşdur. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistik və liman operaturun birləşməsi daşımaları daha sürətli edərək zamanı 38 gündən 19 günə endirmişdir. Dövlətimizin yaratdığı yeni reallıqların aktuallaşdırdığı Zəngəzur dəhlizi Orta dəhlizin seqmenti olaraq beynəlxalq yükdaşımlarda daha böyük nailiyyətlərin əldə olunmasına yol açacaq. Həmin dəhliz reallaşandan sonra Orta dəhlizin uzunluğu daha 600-700 km qısalır, bu da daşıma xərclərinin 10-15% azalmasına yol açacaq. Bütün bunlar Çindən Avropa ölkələrinə qədər Orta dəhliz boyu yerləşən ölkələrin beynəlxalq yükdaşımalarda marağını artıracaqdır.

Orta dəhliz ancaq yüklərin daşınması ilə kifayətlənmir. Belə ki, 2026-cı ilin sonunda tikintisinin yekunlaşdırlmasına hədəflənmiş Xəzər dənizinin dibi vasitəsilə çəkilən rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkəsini birləşdirməklə ərsəyə gələcək yaşıl enerji dəhlizi ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaqdır. Azərbaycan və Qazaxıstan həm də beynəlxalq yaşıl enerji və rəqəmsal dəhlizlıəri vasitəsilə regional və qlobal əməkdaşlığın dərinləşməsinə yeni üfüqlər açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31