Ermənistanda kilsə TV-nin bağlanması məsələsi Milli Məclisdə: Media təşkilatları etiraz edir – ÖZƏL
09:47 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin bugünkü iclasının gündəliyinə "Şogakat" maarifləndirici-dini telekanalının ictimai multipleksdən çıxarılması məsələsi daxil edilib. Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları Taquhi Kazaryan və Sisak Qabrielyanın təşəbbüsü ilə hazırlanmış qanun layihəsi qəbul edilərsə, ictimai yayım sistemindəki telekanalların sayı üçdən ikiyə endiriləcək - əsas "Birinci kanal" və xəbər yönümlü "Lurer" (Xəbərlər) qalacaq.
Bir sıra jurnalist təşkilatları bu qanun layihəsinə etiraz edərək bildiriblər ki, təklif olunan dəyişikliklər əsaslandırılmamış, ümumi xarakterlidir və ictimaiyyəti çaşdıra bilər. Onların fikrincə, təşəbbüsün arxasında maliyyə və idarəetmə məsələləri deyil, hökumət ilə Ermənistan Apostol Kilsəsi arasında davam edən siyasi qarşıdurma dayanır.
Təşkilatlar bəyanatlarında qeyd ediblər ki, ictimai yayımın əsas məqsədi kommersiya maraqları daşımayan, lakin cəmiyyətin inkişafı üçün vacib olan mədəni, elmi və maarifləndirici proqramların təşviqidir. "Təklif olunan dəyişiklik bunun əksini göstərir. Qanunvericiliyə situativ yanaşmalar artıq təhlükəli ənənəyə çevrilib və bu, media mühitinə zərər vurur," - deyə bəyanatda vurğulanır.
Müxalif "Ermənistan" fraksiyasının deputatı Lilit Qalstyan Sputnik Ermənistan-a açıqlamasında bildirib ki, "Şogakat" kanalının bağlanması həm Apostol Kilsəsinə, həm də erməni xalqına qarşı yönəlmiş addımdır:
"Bu, hakimiyyətin Kilsəyə qarşı məqsədyönlü hücumudur. Əslində, həm Kilsə, həm də "Şogakat" hədəfə alınıb və kanal ictimai yayım hüququndan məhrum edilir."
Qalstyan əlavə edib ki, "Birinci kanal" və onun törəmə bölmələri siyasi təbliğat vasitəsinə çevrilib, hökumətin bu addımı isə avtoritar meyillərin güclənməsinin göstəricisidir.
Qanun layihəsinin müəllifləri dəyişiklikləri "resursların bölünməsi, kontent təkrarı və idarəetmə çətinlikləri" ilə izah ediblər. Lakin ekspertlərin fikrincə, "Şogakat"ın yayımının dayandırılması ölkədə mədəni və maarif xarakterli proqramların azalmasına səbəb olacaq.
Qanun layihəsi artıq hökumət tərəfindən təsdiqlənib və səsverməyə çıxarılacaq. Rəsmi sənəddə konkret kanalın adı qeyd olunmasa da, hakim fraksiyanın açıqlamaları və son dövrlərdəki anti-kilsə ritorikası "Şogakat"ın hədəf olduğunu göstərir.