Bir yol gedir Kolanıya…

Yenə yol üstəyəm. Bu dəfə Qarabağın aran tərəfinə-Tərtərədir yolum.

Bir çayın adını daşıyan, özü də çay kimi çağlayan yurda, hər daşında bir iz, hər torpağında bir nəfəs gizli qalan ata yurduma gedirəm.

Qarabağın ürəyində - ön cəbhədə dayanan qəhrəman şəhər deyirlər ona. Sınsa da, sınmayan, yansa da, yanmayan.

1990-cı illərdən bu yana, 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər Tərtər ön cəbhədə yerləşdiyinə görə çox güllə-baran olub, ciddi dağıntılar yaşayıb. Məğlub olmayıb...Qonşuya qardaş, sipər olub illərlə.

Tərtər dirənişin adı, səbrin simvolu, igidliyin dastanı kimi adını tarixə yazdırıb.
Kür-Araz ovalığının qərb hissəsində yerləşən şəhər və inzibati rayonun əhəmiyyəti bu səbəbdən də həm tarixi, həm də coğrafi baxımdan böyükdür.
Qarabağın bağrında yerləşən bu torpaq yalnız təbiəti ilə deyil, insanlarının iradəsi ilə də ucalır. İllərdir düşmənin atəşi altında sınmayan, hər gün sınaqlardan keçən Tərtər xalqı övladlarını da torpaq kimi dözümlü və vəfalı, su kimi saf, çay kimi coşqun böyüdüb.

Qəhrəman torpağın qəhrəman sakinlərini ziyarətə gedirik.

Rayonun girəcəyində bir kənd var Kolanı adında. Əvvəlki adı Hacıqərvənd olan bu qədim kəndin camaatı da bir başqa fərqlidir özü kimi... Buradakı insanların səbrini, dözümünü dağa bənzədirəm mən Qarabağa sipər olan. Bir başqadır yurdumun insanı...

Şəhidimə, Vətənimə olan bağlılığım bir başqadır mənim, ondandır bəlkə, belə insanlar gördükcə, belə amalların şahidi olduqca qəlbim riqqətə gəlir fərəhdən, qürurdan. Qəlbdən qəlbə yol var, axı.

Amalımın bənzədiyi yerdən yapışıram mən də...

Kəndin alaqapısı deyilən bir yer var üstünə adı yazılan. Ordan içəri burulan asfalt yoldan başlayır hər şey. İlk addımdan xatirə lövhələri əks olunmuş abidə cəlb edir diqqətimi. Tərtər-Kolanı şəhidlərinin biri-birindən yaraşıqlı şəkilləri boylanır ordan, sanki gələn qonağını qarşılayır. Kimliyini yoxlayan bir əsgər duruşu var o abidənin önündə. Dümdüz kəndə sarı gedən yolun kənarı boyunca növbəli əkilən şam və küknar ağacları göz oxşayır. Bu sahmanlı yol kəndin girəcəyindən ta çıxışına qədər uzanır. Hər yerdə səliqə-səhman hiss olunur. Kəndin mərkəzindəki köhnədən "idarə" , "xırman" deyilən yerdə tikilən şəhid bulağı və kiçik şəhid parkı qəhrəman oğullarına hörməti təcəssüm etdirir. Su kanalından ayrılıb ərazidən keçən "Xələc" arxı kəndin ətrafı ilə öz axarında axır, kəndin yaşıllığına xidmət edir o da.
Ümumiyyətlə, bu kənddə bir nizam-intizam, bir qayda-qanun hiss olunur hər yerdə. Sanki insanlar kəndin abadlığını keşiyində dayanan sıravi əsgərdirlər. Hər yerdə səliqə-səhman, abadlıq gözə çarpır.

Ən təsirləndiyim yer isə şəhidimin anıldığı guşələrdir; xatirə lövhələri, abidələr, bulaqlar, kiçik istirahət parkını xüsusi kövrəkliklə, qürur hissi ilə izləyirəm. Əməyi olan hər kəsin əlindən öpmək gəlir içimdən. İstər-istəməz hər kəsi maraqlandıran bir məqam var; "kimdir bu işlərin səbəbkarı və ya təşəbbüskarı?"

Kənddə illər öncə yaşayan bir neçə tanınmış nəsil öz adları və ya soyadları ilə tanınır və kəndin bəlli bir hissələri də onların adı ilə tanınır. Bunlardan biri də Mehdiyevlər soyadı ilə bağlı tanınan, əvvəllər "Mehdilər kövəri" deyilən ərazidir.
Bayaqdan bəri sorağında olduğum bu qəhrəman adam da kənd sakini (ya da fədaisi) Mehdiyev Mehman İsmayıl oğludur.

image-3

Kolanı kəndinin giriş darvazasından başlayaraq bu adamın əməyi hər yerdədir.
Azərbaycan Türkiyə qardaşlığını əks etdirən simvolların yerləşdiyi kəndin girişindən başlayır Mehman Mehdiyevin izi...

1-ci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin şəhidlər kompleksi, kəndə xüsusi gözəllik verən yol boyu isıq dirəklərinin inşası və işıqlandırılması, kəndin girişindən mərkəzinə qədər 550 ədəd xan çinarlarının əkilməsi, müasir tipli 3 ədəd dayancaqların tikilməsi, şəhidlərimizin xatirəsinə inşa edilmiş ,kənd camaatının rahatlığına xidmət edən üç ədəd "Ehsan bulağı" məhz bu adamın maddi, mənəvi, fiziki əməyinin bəhrəsidir. Öz elinin həm ağsaqqalı, yeri gələndə isə həm də zəhmətkeş fəhləsidir bu adam.
Bütün kənd yollarının daimi rahatlığı, kənd qəbirstanlığının və yolların mütəmadi təmizlənməsi, su xətlərinin çəkilməsi onun adına, əməyinə bağlıdır.
44 günlük müharibə dönəmində Suqovuşan və Talış istiqamətində döyüşən hərbiçilərə daima öz şəxsi vəsaiti hesabına yardım etmiş bu adama el oğlu desək, tam yerinə düşər.

Ağıllarda yaranan sualı da oxuyuram indidən... Mehman Mehdiyev biləyinin haqqına yaşayan bir insan, sıravi kənd vətəndaşıdır. Sadəcə qazancının tamamı el üçündür onun...

Gördüyü işlərin nəticəsi olaraq dövlət tərəfindən və rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və medallarla təltif olunmuşdur. Şəhidlərimizə, qazilərimizə göstərdiyi diqqət və qayğıya görə Respublika Əlillər Cəmiyyətinin fəxri üzvü seçilmiş, medallar və fəxri fərmanlara layiq görülmüşdür. Dövlətə və dövlətçiliyə daim sadiq biri olan bu adamı daha dərindən tanımaq və tanıtdırmaq isə mənim vətənpərvərlik borcum olsun o zaman. Niyəsini soruşsanız, Vətən sevdası deyərəm. Vətənə canını siqdi ürəkdən verən, təmənnasız sevən və xidmət edən bütün fədailərə- şəhidimə, qazimə, eləcə də Mehman kimi belə görünməz qəhrəmanlara canımı da verərəm.

Vardır hər obanın bir qəhrəmanı. Bu kəndin el üçün alışanı da Mehdiyevlərin Mehmanıdır. Yolunuz düşsə, Tərtər elinə, Kolanı mahalına baş çəkərsiniz.

Qonaqpərvər Qarabağ camaatının bir stəkan çayını içmək bəhanəsi ilə yazdıqlarımın əyanisini görməyə gəlin. Siz gəlin, mən də növbəti qəhrəman sorağına çıxacam...

Gülər Mübariz

image-2

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31