Abramyanın Bakıya reaksiyası: Ermənistan müxalifəti niyə narazıdır?- ÖZƏL

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan Bakıda separatçılarla bağlı keçirilən məhkəmə proseslərini "qurama" adlandırıb. O, Azərbaycanın əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət etdiyini iddia edib. Abramyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin susqunluğu Azərbaycanın "saxta ittihamlar" irəli sürməsinə şərait yaradıb. Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistan parlamentində "Şərəfim var" fraksiyasından deputat olan Tiqran Abramyanın Bakıda Dağlıq Qarabağdakı erməni separatçılığının təmsilçiləri ilə əlaqədar məhkəmə prosesi üzrə açıqlamalarına Ermənistan müxalifətinin hakimiyyətlə münasibətlərində baş verən bəlli hadisələr kontekstindən yanaşmaq və qiymət vermək lazımdır.
Məlumdur ki, müxalifət, xüsusilə onun millətçi kəsimi Paşinyan iqtidarını rəsmi Bakı ilə sülh danışıqları ətrafında həddən artıq yumşaq mövqe sərgiləməkdə, təslimçilikdə ittiham edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmış mətnini Abramyan "Artsax ermənilərinin insan haqları ilə bağlı hüquqları üzərinə endirilmiş qəbirdaşı" adlandırmış, Ermənistanın 44 günlük müharibədə məğlubiyyətini Paşinyan iqtidarının qətiyyətsizliyi və idarəedicilik sahəsində səriştəsizliyi ilə əlaqələndirmişdi.
Ümumiyyətlə, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca müxalifət və hakimiyyət arasında seçici səsləri uğrunda mübarizə daha da kəskinləşir. Abramyanın Ermənistan hakimiyyətinin ünvanına səsləndirdiyi fikirlər arasında "Paşinyan ölkənin xarici siyasi kursunu Qərbdən daxil olan direktivlərə rəğmən yönləndirərkən Rusiya və İranın da regional maraqlarını nəzərə almalıdır" kimi açıqlaması isə göstərir ki, Ermənistan müxalifətinin hakimiyyətlə qarşıdurmasında konyunktor maraqlarla yanaşı, geosiyasi zəmində sifarişlər də var. Bu isə onun siyasi fəaliyyətinin bəlli dairələr tərəfindən yönləndirildiyini düşünməyə əsas verir.
Necə deyərlər, pulu verən, musiqini də sifariş edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31