Bəhruz Quliyev: "Bakı məhkəməsi qurama deyil, Abramyan siyasi təxribat yayır" – ÖZƏL

"Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyanın Bakıda keçirilən məhkəmə proseslərini "qurama" adlandırması və Azərbaycanın guya "əvvəldən planlaşdırılmış ssenari ilə" hərəkət etdiyi barədə səsləndirdiyi iddialar, əslində, siyasi məqsədlərə xidmət edən təxribatçı bəyanatlardır".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, bu kimi açıqlamalar, ilk növbədə, Ermənistan cəmiyyətində formalaşan çaşqınlığı və daxili siyasi ziddiyyətləri gizlətmək məqsədi daşıyır. Paşinyan hakimiyyəti ilə radikal müxalifət arasında gedən açıq qarşıdurma fonunda, Abramyan kimi siyasətçilər xalqın diqqətini daxili böhrandan yayındırmaq üçün "xarici düşmən obrazı" yaratmağa çalışırlar. Məhz bu səbəbdən Azərbaycanın qanuni məhkəmə prosedurlarını təhrif edərək təqdim etmək, Ermənistan müxalifətinin köhnə siyasi taktikasına çevrilib.

B.Quliyev qeyd edib: "Unutmaq olmaz ki, sözügedən şəxslər Levon Mnasakanyan, David İşxanyan və David Babayan  Azərbaycan qanunvericiliyinə görə ağır cinayətlərdə təqsirləndirilirlər. Onların məsuliyyətə cəlb olunması beynəlxalq hüququn tələblərinə tam uyğundur və bu proseslər tam şəffaf şəkildə aparılır. Buna baxmayaraq, İrəvandan gələn əsassız ittihamlar Ermənistanın sülh gündəliyinə səmimi yanaşmadığını bir daha göstərir.
Tiqran Abramyanın "saxta ittihamlar", "gizli əmrlər" və "qurama məhkəmə" kimi ifadələri təkcə faktoloji əsası olmayan iddialar deyil, həm də Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmaq cəhdidir. Belə ritorika qarşılıqlı etimadın bərqərar olmasına mane olur, nifrət və revanşist əhval-ruhiyyəni qızışdırır."

"Azərbaycan tərəfi bu gün sülh sazişinin imzalanması üçün real addımlar atdığı bir vaxtda, İrəvandan gələn bu cür təxribatçı bəyanatlar, sadəcə, prosesin uzanmasına xidmət edir. Əslində, bu, Ermənistan müxalifətinin öz siyasi mövqeyini qorumaq üçün sülhün deyil, qarşıdurmanın tərəfdarı olduğunu göstərir.
Hesab edirəm ki, Abramyan və onun kimilərinin məqsədi Bakıdakı məhkəmə proseslərinə kölgə salmaq deyil, daxildəki siyasi zəifliyi gizlətmək, xalqın diqqətini iqtisadi və sosial böhrandan yayındırmaqdır. Ancaq reallıq dəyişmir, Azərbaycan öz torpaqlarında ədaləti təmin edir və heç bir manipulyativ bəyanat bu hüquqi prosesi gözdən sala bilməz," - deyə siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31