Cənub əməliyyatlarının zirvəsi: Zəngilanın işğaldan azad olması- ÖZƏL

Vətən müharibəsinin 24-cü günü-2020-ci il oktyabrın 20-si  Azərbaycan tarixinin qürur səhifələrindən biridir. Məhz bu gün Zəngilan şəhəri və onun ətraf kəndləri işğaldan azad olundu. 
Zəngilanın azad olunması Azərbaycanın hərbi-strateji mövqelərinə hansı üstünlükləri qazandırdı? Bu gün Zəngilanda aparılan bərpa və quruculuq işlərini, bölgənin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: "Təbii ki, Zəngilanın işğaldan azad edilməsi Azərbaycanın zəfərində çox önəmli rol oynayır. Azərbaycan hərbi əməliyyatları apardığı dövrdə-yəni, cənubdan gedən əməliyyatlar zamanı, Zəngilana çatmaq və onun işğaldan azad edilməsi- həmin dövr üçün həm psixoloji, həm hərbi, həm də siyasi baxımdan çox önəmli idi. Bilirsiniz, bölgələr var idi ki, keçilməsi asan, bəziləri isə çətin idi və məqsəd minimum itki ilə maksimum nəticə əldə etmək idi.
Zəngilan da bu hədəflər çərçivəsində idi və əslində cənub əməliyyatlarının uğurla tamamlanmasında sonuncu hərbi mərhələlərdən biri Zəngilan idi, bundan sonra daha çox əhatə əməliyyatlarına keçildi. Əməliyyatlar zamanı bəzi arzuolunmaz maneələrlə də üzləşmişdik, amma hər halda ordumuzun şücaəti və aparılan ordu islahatları, ümumilikdə Ali Baş Komandanın uğurlu rəhbərliyi ilə biz qələbəni əldə etdik və Zəngilanın işğaldan azad edilməsi bu qələbədə çox önəmli rol oynadı.
Zəngilanın azad edilməsinin elan edilməsi fonunda daxili auditoriyada xüsusi bir həvəs və ümid yarandı, insanların zəfərə inancı daha da gücləndi. Çünki Ermənistan və Qarabağdakı təxribatlara dəstək bəzən cənub bölgəsindən gəlirdi. Zəngilanın azad edilməsi ilə bu istiqamətdən gələn dəstəyin qarşısı da böyük ölçüdə alınmış oldu və artıq görünürdü ki, torpaqlarımızın işğalı tamamilə sona çatacaq. Zəngilanın azad edilməsi Ermənistan sərhəddinə çatmaq demək idi ki, bu da ordumuzun oradan hərəkət edərək Ermənistan ərazilərini təhdid etməsinə imkan yaradırdı. Bu baxımdan da, bu strateji nöqtənin azad edilməsi bizə böyük hərbi və siyasi dividendlər gətirdi".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31