Zəngilan əhəmiyyətli nəqliyyat qovşağına çevrilir- ÖZƏL
14:14 Siyasət"20 Oktyabr - Zəngilan şəhəri günüdür. Bu günün əhəmiyyətini bilməkdən ötrü rayonun işğalına, nəticələrinə, azad edilməsinə və ondan sonra görülən işlərə qısa nəzər yetirməkdə fayda vardı. Olaylar xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Ermənistan silahlı qüvvələrinə qarşı əzmlə vuruşmasına, şəhidlər verməsinə baxmayaraq, 1993-cü ilin oktyabrında Zəngilan işğal edildikdən sonra sakinlər böyük çətinliklə Araz çayından İrana keçdilər. Təxminən 45 min məcburi köçkün ölkəmizin 43 rayonunda məskunlaşdı. Azərbaycan dövləti onların problemlərini həll etdi, yerləşdirdi, müavinətlərini verdi, övladlarının təhsil haqqını ödədi və s. Bu, dövlətimizin iqtisadi-maliyyə gücünü göstərən amillərədn biri idi.
İşğalçı ölkə rayon ərazisindəki tarix və dini memarlıq abidələrini, qəbiristanlıqları yerlə-yeksan etdi. lakin Azərbaycan dövləti və milləti işğalla barışmadı.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsinin gedişində, oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsi ilə uzun illərin həsrətinə son qoyuldu. İşğal altında qalmış 132 kilometrlik Azərbaycan - İran sərhədi üzərində də dövlətimizin nəzarəti tam bərpa edildi. Dekabrın 23-də dövlət başçımızın Zəngilanda bayrağımızı ucaltması millətimizdə qürur hissi yaşatdı.
İşğaldan azad edilməsindən qısa müddət keçməsinə baxmayaraq, bütün ərazilərdə, o cümlədən Zəngilanda nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsi də dövlətimizin iqtisadi-maliyyə qüdrətini göstərir. Müasir infrastrukturu olan yaşayış məntəqələri inşa edilir. İndiyədək təxminən 20 minədək keçmiş məcburi köçkün dədə-baba torpaqlarında dövlət büdcəsi hesabına tikilmiş müasir evlərə və mənzillərə yerləşdirilib.
Zəngilan əhəmiyyətli nəqliyyat qovşağına çevrilir. Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafında mühüm rol oynayır. Horadiz - Zəngilan - Ağbənd dəmir yolunun, Zəngilan - Horadiz avtomobil yolunun inşası strateji əhəmiyyət daşıyır.
Azad Zəngilana mənəvi-ruhani dəyərlərimiz də qayıdıb. İşğal illərində tövlə kimi istifadə edilən Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq dindarların ixtiyarına verilib.
Dövlət rəhbərimizin Zəngilana səfərləri sakinlərlə səmimi görüşləri, təməlqoyma və açılış mərasimləri ilə səciyyələnib.
Zəngilan şəhər günümüz mübarək olsun!"