Azad olunmuş torpaqlarımız yenidən canlanır- ÖZƏL
14:01 Siyasət"Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində azad olunmuş torpaqlarımızda həyatın yenidən canlanması, şəhər və kəndlərin müasir üslubda qurulması prosesi sürətlə davam edir".Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası bu gün Azərbaycanın qüdrətinin, dövlət siyasətinin əsas prioritetinin və milli iradənin təcəssümüdür.
Bu prosesin ən parlaq nümunələrindən biri də Zəngilan rayonudur. Uzun illər işğal altında qalan, kəndləri, şəhəri, mədəni irsi məhv edilən bu torpaq bu gün Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə yenidən qurulur.
Zəngilan bu gün yenidən dirçəlişin, milli iradənin və dövlət siyasətinin təntənəsinin rəmzidir. Bu torpaq artıq yalnız işğaldan azad olunmuş ərazi deyil, həm də müasir şəhərsalma ideyalarının, ekoloji və ağıllı kənd konsepsiyasının, eyni zamanda, milli-mənəvi dəyərlərimizin dirçəliş məkanıdır.
Prezident İlham Əliyev Zəngilana hər səfəri ilə yeni bir inkişaf səhifəsi açıb. Bu səfərlər sadəcə rəmzi xarakter daşımır, konkret layihələrin təməlini qoyur, dövlətin məqsədyönlü fəaliyyətinin real göstəricisinə çevrilir. 2020-ci ilin dekabrında Azərbaycan bayrağının Zəngilan şəhərində ucaldılması ilə başlayan bu proses 2024-cü ildə Zəngilan məscidinin, "Ağalı" hotelinin və yeni sənaye-infrastruktur obyektlərinin açılışı ilə daha da gücləndi.
Bu gün Zəngilan həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan yenidən formalaşır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi yalnız dini ibadət məkanı deyil, həm də xalqımızın milli iradəsinin, mədəni dirçəlişinin rəmzidir. XIX əsrə aid olan, erməni vandallığı nəticəsində tövləyə çevrilmiş bu məbədin bərpası mənəvi qələbəmizin ən parlaq ifadələrindən biridir".