Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlər yüksək səviyyədədir- ÖZƏL
13:35 Siyasət"Qazaxıstana dövlət səfəri ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev "Kazinform"a verdiyi intervüdə iki ölkə arasında siyasi əlaqələrin "hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu" bildirib. Əgər nəzərə alsaq ki, bu, dövlət başçımızın Qazaxıstana bir il ərzində artıq üçüncü səfəri olacaq, demək, ölkələrimiz arasında qarşılıqlı etimadla yanaşı get-gedə artan qarşılıqlı maraq da var". "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Bu gün Azərbaycan-Qazaxıstan əməkdaşlığı deyəndə nəqliyyat-logistika, neft-qaz sektoru, enerji sistemlərinin birləşdirilməsi, yaşıl energetika, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi, ərzaq təhlükəsizliyi, humanitar əlaqələr və turizm gəlir.
Azərbaycanla Qazaxıstan, eləcə də Mərkəzi Asiyadakı digər türk dövlətləri ilə humanitar əlaqələr Türkiyənin onlarla əlaqələrindən daha sıx olub ki, bu da təkcə çoğrafi yaxınlıqla bağlı deyil. Uzun müddət bir dövlətin tərkibində yaşamağımız burada mühüm rol oynayıb və bu özünü mental yaxınlıqda da göstərir. İnsanlararası əlaqələrin əvvəlki səviyyəsinin qorunub saxlanması üçün həm ikitərəfli, həm də TDT çərçivəsində humanitar xarakterli əməkdaşlığı daha da dərinləşdirmək lazımdır ki, verdiyi intervüdə cənab Prezident buna da toxunub və gələn il Birinci Türkoloji Qurultayın 100-ci ildönümünün bütün türk dövlətlərinin təntənəli şəkildə qeydinin planlaşdırılması da bu məqsədə xidmət edir.
Türk dövlətləri, o sıradan da Azərbaycanla Qazaxıstan arasında turistlərin sayının artması da insanlarımızın, özəlliklə də yeni nəslin bir-birini tanıması baxımından çox önəmlidir. Sevindirici haldır ki, burada da müsbət dinamika var. Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 86 min nəfər olub ki, bu da 2023-cü ildəkindən 49% çoxdur. Ümid edirəm ki, bu ilki statistika daha ürəkaçan olacaq.
Burada xatırladım ki, biz bu il Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyini qeyd etdik. Mən belə görürəm ki, cənab Prezidentin Qazaxıstana dövlət səfəri iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qalxmasıyla nəticələnəcək ki, burada da ancaq tam müttəfiqlikdən söhbət gedə bilər. Bu isə öz növbəsində gec-tez TDT çərçivəsində də belə bir anlaşmanın imzalanması və türk dünyasının vahid güc, həm də qlobal miqyaslı güc kimi çıxış etməsi deməkdir.