Siyasətin məqsədi insanları xeyirə doğru yönəltməkdir- ÖZƏL

Əslində doğru, düşünülmüş siyasət çox mürəkkəb şəraitdə gözlənilən fəlakətlərin qarşısını almaq, həm özünü, həm də böyük əhali kütləsini qorumaq üçün sınaqdan çıxmiş mexanizmdir. Aristotelə görə siyasətin məqsədi insanları xeyirə doğru yönəltməkdir. 
Müşahidələrimizə əsasən deyə bilərik ki, dünyanın belə qaynar çağında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranın hədəfi öz ölkəsini xilas etmək və xeyirə yönəltməkdir. Ötən həftə onun Rusiyaya rəsmi səfəri xeyli müzakirələrə səbəb oldu. Böyük ehtimalla Əhməd əş-Şaranın bu siyasi gedişi Türkiyə ilə koordinasiya olunmuş, razılaşdırılmış  şəkildə gerçəkləşib. Çünki bu gün Suriyanın xilaskarı, ona ən çox dəstək olan qardaş Türkiyədir. 

Heç şübhəsiz ki, Əhməd əş-Şaranın Moskva səfəri Rusiyanın Suriyada hərbi mövcudluğunun qalıb-qalmamasının müzakirəsilə bitmədi.  Qeyd edək ki, Rusiyanın Tartus və Xmeymim hərbi bazası hələ də Suriyada qalmaqdadır.  

Bəs, Əhməd əş-Şara Moskva səfərində Rusiyanın Suriyadakı hərbi mövcudluğunun artırılmasına hansı səbəbdən çalışır? 

Böyük ehtimalla  Suriyanın Cənub hissəsində Rusiyanın iştirakı ilə təhlükəsizlik zolağının yaradılması nəticəsində İsraili həmin istiqamətdə neytrallaşdırmaq mümkün olar.  Digər tərəfdən Rusiyanın bu bölgədə hərbi mövcudluğu özü  üçün strateji mahiyyət kəsb edir. Qaldıkı Şimal qonşumuzun çökməkdə olan iqtisadiyyatı ilə Suriyaya investisiyalar ayırması, orada genişmiqyası işlər görməsi mümkünsüzdür. 

Bu günün acı reallığıdır ki, İsrailin hegemonluğu, ardı-arası kəsilməyən hərbi təcavüzü nəticəsində Suriyanın itkilərə məruz qalması, parçalanması riski davam etməkdədir. Məhz belə məqamda  İsraildən gələn hədələri dəf etmək üçün hərbi sahədə Moskva-Dəməşq razılaşması, Suriyanın Cənub hissəsində təhlükəsizlik zolağının yaradılmasında Rusiyanın cəlb olunması nəticəsiz qalmaz. 

Əkrəm Bəydəmirli

Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31