Qürurun bərpa olunduğu ünvan- ÖZƏL
10:39 Siyasət"Beş il əvvəl Zəngilanın sükutu qırıldı, torpaq azad nəfəs aldı.
İllərlə həsrətini çəkdiyimiz o dağlar, o çaylar, o yollar - bir gün birdən-birə "Mən azadam!" deyə səsləndi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib:
"O gün təkcə bir şəhər yox, bir xalq öz inamını geri aldı.
Hər bir azərbaycanlının ürəyindəki Zəngilan o gün dirildi - şəhidlərin duası, anaların göz yaşları, əsgərlərin nidası ilə...
Beş il ötüb, amma həmin qələbə anı hələ də ucalardadır: havadadır, torpaqdadır, bayraqdadır!..
Zəngilan indi təkcə bir coğrafiya deyil - o, qürurun bərpa olunmuş ünvanıdır.
Bu torpaq bu gün yenidən canlanır - yollar çəkilir, evlər ucalır, həyat qayıdır.
Böyük Qayıdışın addım səsləri Zəngilan küçələrində eşidilir, torpağın nəfəsi ilə qarışır.
Bizə bu fəxri yaşadanlara - igidlərimizə, şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza, o Zəfəri yazanlara minnətdarıq!
Beş il azadlıq, beş il qürur, beş il Zəfər!"