Prezident İlham Əliyevin diplomatik uğurları: Azərbaycan beynəlxalq arenada diqqət mərkəzində - ÖZƏL

" Azərbaycan Prezidentinin oktyabrın əvvəlindən yarım ay ərzində dörd böyük tədbirdə iştirakı və burada yüksək səviyyədə Azərbaycanın təmsil olunması və Azərbaycan dövlətinə, onun rəhbərinə olan münasibət əlbəttə ki, əhəmiyyətlidir. Belə ki, Avropa Siyasi Birliyinin toplantısı, ardınca Türk Dövlətlər Təşkilatının toplantısı, Düşənbədə  keçirilən görüş və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzzaya həsr olunmuş beynəlxalq tədbirdə iştirak çox vacib idi. Və bu tədbirlərin hər birində Azərbaycan önəmli rol oynayır". 
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:  "Avropa Siyasi Birliyinin toplantısında bir çox ölkələrin liderləri, böyük maliyyə korporasiyaları və şirkət rəhbərləri, o cümlədən Avropa İttifaqı rəhbərlərinin Azərbaycana və onun prezidentinə münasibəti Azərbaycanın son illər artan nüfuzu ilə bağlıdır. Azərbaycan eyni zamanda həm artan hərbi, siyasi, iqtisadi gücü, həm də regionda oynadığı önəmli rol və etibarlı tərəfdaş statusu ilə diqqət çəkir. Biz eyni münasibəti Qəbələdəki Türk Dövlətlər Təşkilatının zirvə toplantısında da görürük. Azərbaycan bu təşkilatın əsas lokomotiv ölkələrindən biridir və Azərbaycan prezidentinin bu toplantıdakı çıxışı çox mühüm idi. Orada çox vacib mesajlar verildi, xüsusilə gələn il Azərbaycanda Türk Dövlətlər Təşkilatının hərbi təlimlərinin keçirilməsi, Türkoloji qurultayın yüzilliklə bağlı Azərbaycanda təşkil olunması kimi məsələlər diqqətə layiqdir. Xüsusilə də təhlükəsizlik sahəsində Türk Dövlətlər Təşkilatının üzərinə düşən və atılacaq addımlar bu toplantıda müzakirə olunur. Azərbaycan bu istiqamətdə vacib iş görən ölkədir.
 Qəzza toplantısına gəldikdə isə bu, Donald Trampın Qəzzada həyata keçirdiyi planla bağlı idi. Bu toplantıya dünyanın yalnız 20 dövlət rəhbəri və hökumət başçısı dəvət olunmuşdu. Azərbaycan Prezidenti də bu sırada idi və ABŞ Prezidenti Azərbaycan Prezidenti ilə görüşdə onunla bağlı xoş fikirlər söylədi və göstərdiyi münasibət Azərbaycanın və onun liderinə olan hörməti nümayiş etdirdi. Əlbəttə ki, Azərbaycan hazırkı durumda beynəlxalq arenada önəmli rol oynayır və buna xeyli dərəcədə nail olub. Həm öz regionunda, həm Yaxın Orta Şərqdə, həm də Mərkəzi Asiyada Azərbaycanın artan rolu və nüfuzu çox vacibdir və ölkəmizin maraqlarına uyğundur. Azərbaycan həm öz gücü, həm də etibarlı tərəfdaş olaraq bütün tərəflərin simpatiyasını qazanmış vəziyyətdədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31