Tarixi gün: Füzuli şəhərinin azadlıq və inkişaf yolunda rolu - ÖZƏL

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü  Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri erməni işğalından azad etdi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, bu gün Füzuli Şəhəri Günü kimi qeyd olunur.Füzuli Şəhəri Gününün təsis edilməsi bu şəhərin gələcək inkişafı və milli yaddaşda yeri baxımından hansı əhəmiyyət daşıyır?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

" "Füzuli şəhəri Günü"nün qeyd edilməsi əlbəttə ki, önəmli bir hadisə kimi Azərbaycan tarixinə yazılmalıdır. Ona görə ki, bu gün Azərbaycanın işğal altında olan şəhərlərindən birinin azad edildiyi gündür. Bu, bizim tariximizdə müqəddəs həriflərlə həqq olunmuş dəyərli, önəmli günlərdən biridir.

Eyni zamanda Füzulinin ərazi olaraq, coğrafi olaraq önəmi vardır və biz bilirik ki, Qarabağın işğaldan azad edilməsi əməliyyatları zamanı Füzulinin strateji mövqeyi çox önəmli bir faktor olmuşdur. Həmçinin onun gələcəkdə Azərbaycanın iqtisadi inkişafında oynaya biləcək transit əhəmiyyəti, gələcək iqtisadi inkişafımıza verəcəyi töhfələr nəzərə alındıqda, əslində Füzulinin həm şəhər olaraq, həm də bütöv rayon olaraq Azərbaycan üçün strateji önəmi bir daha önə çıxmaqdadır.

Məhz bu cəhətdən Füzuli gününün qeyd edilməsi Füzuli şəhərinə verilən  dəyərin bir simvolu kimi onun gələcək inkişafının təməlinə çevrilə bilər və gələcəkdə təkcə Füzulinin deyil, digər Azərbaycan rayonlarının və şəhərlərinin də inkişafı üçün atılacaq önəmli addımların bir göstəricisi ola bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31