Füzuli şəhərinin azad edilməsi xüsusi önəm kəsb edirdi- ÖZƏL
17 Oktyabr 2025 14:18 Siyasət"44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali Baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad olunması bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xalqımız bu tarixi günləri böyük sevinc və qürür hissi ilə qarşılayır. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkamlar quran mənfur düşmən Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib: "Cəbrayıldan sonra Füzuli şəhərinin azad edilməsi xüsusi önəm kəsb edirdi. Füzulinin azad edilməsi həm də şanlı ordumuzun növbəti əməliyyatları baxımından strateji önəm daşıyırdı. Çünki bu nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ilə növbəti hərbi üstünlüklər qazanılmışdı. İşğal dövründə Ermənistan Füzuli istiqamətində cəbhə xəttində bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin şanlı ordumuzun gücü və əzmi qarşısında bu mövqelər darmadağın edildi".
Deputatın sözlərinə görə, Füzulinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı: "1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Bu mənada Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz əməliyyatından başlamış olduğu tarixi missiyasının davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı bir tarix hesab edilir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəflə və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib kimi inkişafına bir yol açmış oldu".