Ötən 22 il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib-Spiker- ÖZƏL

"Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin etmişdir. Ötən 22  il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilmişdir. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: " Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik. Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var.  
Möhtərəm cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır. 
Bu toplantılarda beynəlxalq və regional təhlükəsizlik, energetika, dayanıqlı inkişaf, sülh və digər məsələlər ilə bağlı Azərbaycanın aydın və dəqiq mövqeyi ifadə olundu. Möhtərəm cənab Prezident dövlət başçıları ilə açıq dialoqda hamını düşündürən problemlərin ədalətli və beynəlxalq hüquqa əsaslanan çözüm yollarını təklif etdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31