Azərbaycan qlobal miqyasda sülh və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir- Spiker
11:58 Siyasət"34 il öncə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsi dövrü xaos və anarxiya ilə müşayiət edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib: "Həmin dövr Azərbaycanda təlatüm hökm sürürdü. Torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi. Məhz belə bir çətin dövrdə Azərbaycan xalqı müdrik tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət anlayışı bərqərar etdi və ölkəmiz parçalanmadan xilas oldu. Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regional və qlobal platformalarda vacib aktora çevrilir. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin etməyə nail oldu. Məhz bunun nəticəsindir ki, Azərbaycan bu gün qlobal miqyasda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir".