Avropa İttifaqı -Azərbaycan əlaqələri keyfiyyətcə yeni mərhələyə keçir- ÖZƏL

"Azərbaycan xarici siyasətdə son illərdə mühüm uğurlar əldə edib. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı və onun təsisatları ilə münasibətlərdə yaranmış gərginlik mərhələsi tədricən aradan qalxmaqdadır. Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi birtərəfli qətnamələr, eləcə də Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ikitərəfli  münasibətlərdə  böhran vəziyyətinə gətirib". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Lakin son aylarda baş verən diplomatik fəallıq, xüsusən Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirakı və Avropa liderləri ilə keçirdiyi görüşlər nəticəsində bu böhran tədricən arxada qalır. Fransa ilə uzunmüddətli gərgin münasibətlər Kopenhagendə iki ölkə prezidentlərinin nümayəndə heyətləri səviyyəsində apardığı görüşlə yumşalma istiqamətinə yönəlib. Eyni zamanda, İtaliyanın Azərbaycanla bağlı məsələlərdə dəstəyi, bu yaxınlaşmanı gücləndirir.
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi nizamdan iqtisadi və nəqliyyat maraqları üçün faydalanmaq niyyətindədir. Xüsusilə, Çinlə quru nəqliyyat əlaqələrinin, eləcə də Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasının əsas tranzit xətti kimi Azərbaycan ön plana çıxır.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaza artan diqqəti və Orta Dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizi - TRİP marşrutunun elan edilməsi Avropanı regionda daha fəal siyasət yürütməyə vadar edib. Bu proses fonunda Avropa İttifaqının Azərbaycanla münasibətlərdə yeni mərhələyə keçidi real görünür. Gələn ilin yanvar ayında Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa olunması mümkündür.  
Artıq Azərbaycanla -Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Avropa İttifaqı üçün bu, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir, Azərbaycan üçün isə Avropa ilə siyasi və iqtisadi əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan-Avropa münasibətləri qarşılıqlı maraqlar üzərində formalaşan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq xəttinə çevrilir. Bu vəziyyət Azərbaycanın çoxvektorlu xarici siyasətinin effektivliyini nümayiş etdirir. Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31