“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir
17:19 SiyasətQarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiyaya inam kəskin şəkildə azalıb. Əvvəllər "Moskva bizi atmaz" deyənlər bu gün ya sükuta qərq olublar, ya da Bakının istintaq təcridxanalarındadır.
Musavat.com xəbər verir ki, son hadisələr "Ruslar özlərininkini atmır" anlayışının puç olduğunu bir daha göstərib. Moskva artıq regionda özünə illərlə sadiq olmuş şəxsləri belə qorumaq istəmir. Bu, həm Ermənistan, həm də Azərbaycan müstəvisində açıq şəkildə görünür.
Qarabağ separatçılarının "Rusiya xəyalları" bitdi
2023-cü ilin payızında qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbərləri, o cümlədən Ruben Vardanyan Azərbaycan sərhədində saxlanıldı. O, həm rusiyalı milyarder, həm də erməni cəmiyyətinin "xilaskarı" kimi təqdim olunurdu. Lakin nə Rusiya vətəndaşlığı, nə də Moskva ilə yaxın əlaqələri onu məsuliyyətdən xilas edə bildi.
Hazırda Vardanyan və digər separatçı liderlər Bakıdakı istintaq təcridxanasında saxlanılır. Ermənistan ictimaiyyəti isə bu mənzərəni Rusiya tərəfindən "satılmaq" kimi dəyərləndirir. İrəvanda artıq açıq şəkildə deyilir ki, Moskva müttəfiq deyil, yalnız maraqlarına xidmət edən tərəfdaşdır. Beləliklə, "Rusiya bizi atmaz" inancı, Qarabağla bağlı miflər kimi, dağılıb.
Ramiz Mehdiyev faktoru: Kreml bu dəfə "öz adamını" da xilas etmədi
Gələk bu günlərin əsas mövzusuna- Ramiz Mehdiyev məsələsinə. Azərbaycan daxilində də oxşar situasiya yaranıb. Uzun illər "Kremlin adamı" kimi tanınan Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti və illərlə Moskva ilə sıx əlaqələri olan şəxs kimi tanınırdı.
Daha maraqlısı isə budur ki, bir sıra mənbələrə görə, Ramiz Mehdiyevin planı barədə məlumatı məhz Rusiya tərəfi Azərbaycan hakimiyyətinə ötürüb. Yəni Kremlin bu dəfə "öz adamını" qorumaq niyyəti olmayıb, əksinə, onu ifşa edən tərəf kimi çıxış edib.
APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Agentlik əldə etdiyi məlumatlara əsasən bildirir ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Bu, artıq yeni bir siyasi davranış modelini göstərir: Rusiya öz maraqları üçün illərlə yanında saxladığı fiqurlardan belə imtina edə bilir.
Sovet sonrası məkanlarda "Kremlin adamı" ifadəsi uzun illər güc və toxunulmazlıq rəmzi sayılırdı. Kim Moskva ilə yaxın idisə, o, təhlükəsiz idi. Lakin son hadisələr bu anlayışı alt-üst edib.
Kreml artıq:
keçmiş loyallığa deyil, real təsir gücünə və faydaya üstünlük verir;
"dostluq" və "şərəf" ordenlərini siyasi sığorta kimi görmür;
regionda köhnə "tərəfdarlarını" rahatlıqla siyasi masanın qurbanına çevirir.
Ramiz Mehdiyev və Ruben Vardanyan hadisələri bu reallığın bariz nümunəsidir: biri Azərbaycanda, digəri Ermənistanda - hər ikisi Kremlin köhnə çevrəsinə mənsub idi, amma indi hər ikisi mühakimə altında.
Regionda yaranan yeni güc balansı açıq şəkildə göstərir ki, Moskvanın "himayəsi" artıq illüziyadır.
Faktlar danışır:
Ruben Vardanyan və digər qondarma Qarabağ rəhbərləri* Bakıda həbsdədir;
Ramiz Mehdiyev "Kremlin adamı" imicinə baxmayaraq, ev dustaqlığındadır.
Bunlar təkcə fərdi hadisələr deyil - onlar Rusiya siyasətindəki istiqamət dəyişikliyinin göstəricisidir. Kreml indi öz sadiqlərini bir-bir "təslim edir". Və bu, "Ruslar özlərininkini atmır" mifinin sonu deməkdir.