Ermənistanı sabitliyə aparan yol: Qanunçuluğun bərpası cəhdi - ÖZƏL
16:44 SiyasətErmənistanda hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin Aragaçotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtıç Proşyanı saxlayıblar. Maraqlıdır bu həbslər sırf hüquqi prosesdir, yoxsa siyasi motiv daşıyır? Bu həbslər kilsə-dövlət münasibətlərinə uzunmüddətli zərbə vuracaqmı?
Bu sualları cavablandıran siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Ermənistan dünyəvi dövlətdir - yəni burada kilsə dövlətdən ayrıdır, dini qurumlar müstəqildir və dövlət onların fəaliyyətinə qarışmamalıdır; eyni zamanda kilsə də siyasi proseslərə müdaxilə etməməlidir. Təəssüf ki, uzun illər ərzində Ermənistanda və onun hüdudlarından kənarda erməni kilsəsi siyasi proseslərdə fəal iştirak edib, hətta bəzi hallarda terror aktlarına qarışdığı iddia olunub. Azərbaycana qarşı işğalçılıq hərəkətləri zamanı erməni kişiləri silahla foto və videolar çəkdirərək bütün dünyaya yayıblar.
Hazırda baş nazir Nikol Paşinyan ölkənin normallaşdırılması üzərində işləyir. Bu prosesdə kilsənin və digər dini qurumların rolunun müəyyən sərhədlərə çəkilməsi, onlara siyasi fəaliyyətə qarışmamağın izah edilməsi prioritetdir. Kilsə isə ənənəvi olaraq siyasi proseslərdə iştirak etmək istəyir və bununla razılaşmır. Paşinyan Konstitusiya və qanunlardan gələn səlahiyyətlər çərçivəsində hərəkət edərək, kilsəni yalnız ona aid olan məqama qaytarmağa çalışır - bu, həm qanundan kənar bir addım deyil, həm də yalnız siyasi hesab deyil; əksinə, qanunçuluğun bərpası cəhdi kimi qiymətləndirilə bilər.
Bununla belə, dünyanın müxtəlif yerlərində kilsənin bu pozucu fəaliyyətlərinə simpatiya göstərən ermənilər və onların tərəfdarları Paşinyanı tənqid edirlər. Mən düşünürəm ki, atılan addımlar məntiqi və ağıllı addımlardır və bu istiqamətdə davam edilməsi Ermənistanı sabitliyə və rifaha aparan yola yönəldə bilər."
İbrahim Məmmədli