İsrailin genosidi və nüvə statusu: Türkiyə daha sərt mövqe sərgiləyəcək – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə verdiyi açıqlamada Qəzzada atəşkəsin qorunmasının vacibliyini vurğulayıb. Ərdoğan İsrailin keçmişdə atəşkəsi pozma təcrübəsi səbəbilə diqqətli olmağa çağırıb, lakin Türkiyə, ABŞ və digər ölkələrin atəşkəsə güclü dəstəyini qeyd edib. O, vəziyyətin gərginləşməsinin ağır nəticələri olacağı barədə İsrailin də məlumatlı olduğunu bildirib və əvvəlki razılaşmalardan fərqli olaraq indi daha güclü ortaq iradənin mövcud olduğunu vurğulayıb.
Xatırladaq ki, bu həftənin əvvəlində Misirdə Amerika, Misir, Türkiyə və Qətər Qəzza üzrə "Daimi sülh üçün Tramp bəyannaməsi"ni imzalayıblar.

Ərdoğan "vəziyyət yenidən gərginləşsə, bunun ağır nəticələri olacağını İsrail özü də bilir" deyərkən hansı "ağır nəticələri" nəzərdə tutur?

"Qəzzada gedən proseslərdə artıq bütün dünya İsrailin oradakı vəziyyəti tamamilə dağıtdığını, bölgəni yerlə-yeksan etdiyini və faktiki olaraq genosid həyata keçirdiyini bilir. Lakin hazırda müzakirə olunan əsas məsələ Həmasın Qəzzadan çıxarılması ilə bağlıdır. Burada söhbət Həmasın tərk-silah edilməsindən yox, onun həmin ərazidən uzaqlaşdırılmasından gedir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu məqsədlə Donald Trampın təşəbbüsü ilə bu yaxınlarda zirvə toplantısı keçirildi. Toplantının əsas məqsədi HƏMAS-la İsrail arasında  "sülh" demək olmasa da müəyyən bir razılaşmaya nail olmaq idi. Lakin HƏMAS-ın Qəzzanı tərk edib-etməyəcəyi məsələsi hələ açıq qalır. Bu, hələlik sual altındadır, çünki HƏMAS bu mövzuda konkret mövqe bildirməyib.

"Digər tərəfdən, İsrailin öz daxilində də proseslər davam edir. İsrail hökumətinin atəşkəsə sadiq qalacağı və ya onu pozmayacağı da hələ tam aydın deyil. Baş nazir Netanyahu verdiyi açıqlamada açıq şəkildə bildirib ki, əgər HƏMAS Qəzzanı tam tərk etməsə, hərbi əməliyyatlar yenidən başlayacaq", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi vurğulayıb ki, bu vəziyyətə Türkiyənin reaksiyası da diqqət çəkir. Prezident Ərdoğan dəfələrlə bəyan edib ki, Qəzzada baş verənlər dərhal dayandırılmalı və bölgə əhalisi normal həyatına qayıtmalıdır. Ərdoğanın son açıqlamaları da göstərir ki, əgər İsrail bölgədə yenidən hərbi əməliyyatlara başlasa, bu dəfə Türkiyə prosesə daha açıq və ciddi şəkildə müdaxilə edə bilər.

"Digər mühüm məsələ isə Böyük Britaniyanın bu prosesdə oynadığı roldur. Britaniyanın, xüsusilə də Toni Bleyerin vasitəçilik təşəbbüsü bir çox dairələr tərəfindən müsbət qarşılanmır. Çünki Britaniyanın İsraillə yaxın münasibətləri və ABŞ ilə strateji ittifaqı bəllidir. Bu da bölgədə vəziyyəti sabitləşdirmək əvəzinə, əksinə, gərginliyi artırmaq ehtimalını doğurur", - deyə R. Məmmədova bildirib.

Ekspert qeyd edib ki, Yaxın Şərqdə nüvə silahına malik yeganə dövlət İsraildir. Bu da onu bölgədə həm təhdid edən, həm də təhdid yaradan əsas güc mərkəzinə çevirir. İsrail Qərb dövlətlərinin dəstəyinə arxalanaraq bu cür addımları ata bilir.
Bütün bunları nəzərə alsaq, yaxın dövrlərdə Türkiyənin daha sərt mövqe sərgiləyəcəyi gözləniləndir. Əgər İsrail razılaşmalardan geri çəkilərsə və atəşkəsi pozarsa, bu dəfə Türkiyənin proseslərə birbaşa müdaxiləsini görmək mümkündür.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31