Paşinyan üçün təhlükə: İrəvanda "Bizim Yolumuz" hərəkatı yüksəlir – ÖZƏL

"İrəvanda "Bizim Yolumuz" hərəkatının ilk toplantısı Ermənistanın daxili siyasi mənzərəsində yeni bir xəttin cızıldığını göstərir. Həbsdə olan Samvel Karapetyanın adı ətrafında formalaşan bu təşəbbüs qısa müddətdə 5 minə yaxın könüllü cəlb etməklə, cəmiyyətin Paşinyan hökumətinə qarşı artan etimadsızlığını simvolizə edir. Paşinyanın son illərdə apardığı siyasət, xüsusilə də geosiyasi istiqamətdəki ziddiyyətli addımlar, yəni, Qərbə meyil göstərərkən Rusiya ilə münasibətlərin kəskinləşməsi, Qarabağ məsələsindəki  nəticələr və ölkə daxilində sosial parçalanma yeni siyasi qüvvələrin meydana çıxması üçün münbit zəmin yaradıb. "Bizim Yolumuz" hərəkatı da məhz bu boşluğu doldurmağa çalışır."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, Samvel Karapetyanın həbsdə olması hərəkatın siyasi çəkisini zəiflətmir, əksinə, bir növ "siyasi rəmzə" çevirir. Onun tərəfdarları istintaqın süni şəkildə uzadıldığını deyərək, liderlərini "rejimin qurbanı" kimi təqdim edir və bu, ictimai simpatiya doğurur. Əgər Azadlıq meydanında planlaşdırılan mitinq kütləvi şəkildə baş tutarsa, bu, Paşinyan üçün ciddi siqnal olacaq.

Ekspert bildirib ki, təbii ki, 2026-cı il parlament seçkiləri hələ uzaqdır və Paşinyanın hakimiyyət resursları, dövlət aparatına nəzarəti hələ də güclüdür. Lakin cəmiyyətin dərin qatlarında narazılıq dalğası sürətlə artır. "Bizim Yolumuz" hərəkatı indiki mərhələdə hələ tam siyasi alternativ deyil, amma Paşinyanın dayaqlarını sarsıtmaq gücünə sahib bir potensial ocağa çevrilə bilər. 

"Əgər bu hərəkat Rusiya ilə münasibətləri strateji əməkdaşlıq səviyyəsində qorumaqla yanaşı, Köçəryan və Sarkisyan dönəmlərinin kölgəsindən uzaq durmağı bacarsa, seçkilərə qədər "üçüncü qüvvə" kimi siyasi səhnədə mühüm rol oynaya bilər. Bu faktlara əsasən, demək olar ki, Paşinyan hökumətini qarşıda həm daxildə narazılığın dərinləşməsi, həm də yeni qüvvələrin meydanda möhkəmlənməsi gözləyir. "Bizim Yolumuz" hərəkatı bu mənada sadəcə bir siyasi təşəbbüs deyil, Ermənistan cəmiyyətinin dəyişiklik istəklərinin və Rusiya meyilli qüvvələrin güclənməsinin təzahürüdür," - deyə B. Quliyev qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31