MDB sammitində diqqət çəkən görüş: Strateji əməkdaşlıqdan müttəfiqliyə - ÖZƏL
16 Oktyabr 16:02 SiyasətDüşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş son illərin ən mühüm hadisələrindən biri kimi dəyərləndirilir. Görüşdə Putinin AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti tanıması və günahkarların cəzalandırılacağını bildirməsi diqqət çəkib. İllərdir bəzi rus siyasətçiləri və təbliğatçıları- Zatulin, Valuyev, Milonov, Solovyov kimi şəxslər Azərbaycana qarşı təhqiramiz ritorika ilə çıxış ediblər.
Bu görüşdən sonra Kremlin bu cür çıxışlara münasibəti dəyişəcəkmi, yoxsa həmin ritorika davam edəcək? Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Dövlətlərarası münasibətlər qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində qurulub, qarşılıqlı ehtiram və etimad müstəvisi üzərində inkişaf etdirilir. Azərbaycanın Rusiya ilə münasibətləri də ilk gündən əməkdaşlıq və qarşılıqlı etimad müstəvisi üzərində qurulub, qarşılıqlı maraqlara köklənib. 2022-ci ilə qədər bu münasibətlər strateji tərəfdaşlıq, 2025-ci ildən sonra isə müttəfiqlik münasibətləri kəsb etmişdir. Məlum təyyarə qəzası münasibətlərə təsirsiz ötüşməmiş, bununla belə, 2024-cü illə müqayisədə ticarət münasibətlərinin həcmi və dövriyyəsi yüksəlmişdir. Bundan əlavə, tərəflər regional təhlükəsizlik, enerji problemlərinin həllində əməkdaşlıq edir, loqistika, beynəlxalq tranzit əhəmiyyətli dəhlizlər və onların ətrafında infrastruktur məsələləri üzrə layihələrdə yer alıblar. Regionun perspektiv geosiyasi arxitekturası ilə bağlı məsələlərdə tərəflərin ortaq baxışları mövcuddur. Azərbaycan regionda və hətta onun ətrafında geosiyasi məzmunlu olaylarda Rusiya faktorunu bir qayda olaraq nəzərə alıb.
Bütün bunlarla yanaşı, Rusiya nəhəng əmək bazarına malik bir dövlətdir və bizlər bu bazarın imkanlarından geniş istifadə edirik. Burada 1,5-2 milyona yaxın soydaşımız çalışır və qazandıqları vəsaitin əhəmiyyətli hissəsini Azərbaycandakı ailələrinə göndərirlər. Bu isə ölkədə inflyasiya və işsizlik anlamında sosial gərginliyin səngiməsində mühüm əhəmiyyət kəsb edir. Rusiyanın ölkədəki miqrantları vergilərə cəlb etmək, kriminogen durumun ağırlaşmasında miqrant faktorunun doğurduğu problemləri nizamlamaq məqsədilə miqrant siyasətini sərtləşdirməsi ətrafında hay-küy salanlar daha çox "stəkanda fırtına yaratmaq" istəyənlərdir və təəssüf ki, hər iki istiqamətdə bu mövqedən çıxış edənlər tapılır.
Rusiya siyasətində və mətbuatında erməni tərəfinin dəyirmanına su tökənlər isə erməni diasporasının lobbiçilik fəaliyyətindən mənfəət və siyasi divident qazananlardır".
Zeynəb Mustafazadə