İlham Əliyev və balans siyasəti: Azərbaycan regional gərginliyi azaldır - ÖZƏL

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Düşənbədə  Azərbaycan və Rusiya prezidentləri, İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüşlə bağlı "Facebook"  hesabında paylaşım edib. O, qeyd edib ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın şərəfini qoruyub. 
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, bütün dövlətlər artıq başa düşür ki, Azərbaycan praqmatik, balanslı və milli maraqları əsas götürən, minimum risk-maksimum fayda prinsiplərinə əsaslanan münasibət sistemini formalaşdırıb: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan təkcə Rusiya ilə deyil, ümumiyyətlə bütün ölkələrlə münasibətlərini müəyyən bir balans çərçivəsində, beynəlxalq münasibətləri hüquqi şəkildə  tərtib edir. Əlbəttə ki, burada əsas prinsiplərdən biri minimum risk, maksimum fayda, yəni milli maraqların qorunmasıdır. Təbii olaraq, risk faktorlarından uzaqlaşmaq və dövləti mümkün təhlükələrdən, seçim qarşısında qalmaqdan qorumaq üçün rəsmi Bakı balans siyasətinə sadiq qalır. Rusiya da bu siyasətə daxildir.
Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətləri tarixi baxımdan müəyyən dövrlərdə eniş-yoxuşlarla müşahidə olunub, amma ümumilikdə normal və sabit olub. Lakin Rusiyanın, xüsusilə də AZAL  təyyarəsinin vurulmasından sonra Azərbaycanın gözləntilərini qarşılmaması, həmçinin baş verən hadisəni fərqli motivlərə bağlamağa və ya üstünü örtməyə çalışması kimi amillər Azərbaycanın Rusiyaya qarşı balans siyasətində dəyişiklik etməsinə, daha çox Rusiyaya qarşı müəyyən mövqe tutmasına səbəb oldu. Əslində, bu xüsusi bir ədavət və ya qeyri-adi addım deyildi. Hər bir müstəqil, suveren ölkə milli maraqlarına, sərhədlərinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yaranan ehtimal təhdidlərə reaksiya verir. Azərbaycan da, xüsusən Prezident İlham Əliyevin mövqeyi, tamamilə beynəlxalq hüquqa uyğun və Azərbaycan milli maraqlarını nəzərə alan addımlar idi. Azərbaycanın məhz bu MDB-nin sonuncu sammitindən sonra Azərbaycan və Rusiya prezidentlərinin bir araya gəlməsi və Rusiya prezidentinin Azərbaycanın gec də olsa gözləntilərini qarşılamaq istiqamətində açıqlamalar verməsi təbii ki, gərginliyi müəyyən mənada azaldıb və normallaşma prosesinin başlanmasına imkan yaradıb.
Beynəlxalq münasibətlərə təsirinə gəlincə, Azərbaycan bu gün Çin, Rusiya, Türkiyə, İsrail, İran, Avropa İttifaqı və ABŞ ilə münasibətlərini balanslı və inkişaf yönümlü xətt üzərində saxlayır. Rusiyaya qarşı gərginliyin azalması Qərb və ya digər ölkələrdə Azərbaycana qarşı ciddi əks reaksiyaya səbəb olmayacaq.
Təsadüfi deyil ki, Şarm əl-Şeyxdə keçirilən Qəzza danışıqlarında Donald Tramp Azərbaycan Prezidentinə xoş sözlər deyib. Bu da göstərir ki, ortaq ciddi problem yoxdur və indiki məqamda Azərbaycanın maksimum gərgindən uzaq olması ABŞ-ın maraqlarına uyğundur. Biz Çinlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdiririk, Amerikayla münasibətlər yaxşıdır, Rusiya ilə Moskva bəyannaməsi, Türkiyə ilə Şuşa bəyannaməsi, İsraillə strateji tərəfdaşlıq, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq mövcuddur. Bütün bunlar Azərbaycanın mövqeyini göstərir. Mənə elə gəlir ki, bütün dövlətlər artıq başa düşür ki, Azərbaycan praqmatik, balanslı və milli maraqları əsas götürən, minimum risk-maksimum fayda prinsiplərinə əsaslanan münasibət sistemini formalaşdırıb. Azərbaycanın beynəlxalq münasibətlərdə münaqişələrə baxışı da konstruktiv və praqmatikdir. Bu baxımdan, digər ölkələrə əməkdaşlıq və fayda təqdim edirik, təhdid yaratmırıq. Bu da Azərbaycanın xarici siyasətdəki uğurudur və digər dövlətlər indiki qərarlarımızdan mənfi reaksiyaya səbəb olmayacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31