Bakının siyasi iradəsi: Azərbaycan qlobal siyasətin avangardına çevrilir – ÖZƏL
16 Oktyabr 15:01 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin qlobal məkanda güclü lider kimi qəbul olunması göstərir ki, ölkənin yürütdüyü xarici siyasət beynəlxalq ictimaiyyət və aparıcı qüvvələr üçün kifayət qədər təsirlidir. Bu, həm də Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və qlobal səviyyədə öz siyasi iradəsini açıq şəkildə ifadə etməsinin nəticəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Prezident İlham Əliyevin xarici siyasət kursu dəqiq hesablanmış, Azərbaycanın beynəlxalq imicinin və nüfuzunun ən yüksək səviyyəyə çatdırılmasına yönəlmiş strategiyadır. Artıq bu siyasətin real nəticələri də aydın görünür.
"Bir vaxtlar Azərbaycan Ermənistanla münaqişə vəziyyətində idi və bu məsələnin həlli üçün ATƏT-in Minsk qrupu kimi vasitəçi qurumlar fəaliyyət göstərirdi. Lakin sonradan Azərbaycan bu vasitəçilərin hamısını prosesdən kənarlaşdırdı və Ermənistanla olan münaqişəni tam şəkildə özü həll etdi", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, bu gün isə Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev faktiki olaraq dünyanın ən mühüm münaqişə ocaqlarında, o cümlədən Yaxın Şərqdə vasitəçi dövlət kimi çıxış etmək potensialını nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq siyasətdə qazandığı böyük irəliləyiş və qlobal miqyasda mühüm siyasi uğurdur.
Ekspertin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan artıq yeni mərhələyə qədəm qoyub və dəyişən beynəlxalq şərtlərə uyğun, çevik və məqsədyönlü xarici siyasət yürütməkdə davam edir.
"Yaxın gələcəkdə qlobal miqyasda baş verəcək proseslərdə Azərbaycanın dünyanın aparıcı və avangard dövlətləri sırasında yer alması üçün bütün imkanlar artıq formalaşıb", - deyə E. Xalidbəyli vurğulayıb.
Sevda Dəniz