Bu siyasət Liderimizin dahiliyinin miqyasından, siyasətinin və şəxsiyyətinin ən yüksək keyfiyyətlərindən xəbər verir- ÖZƏL
16 Oktyabr 14:35 Siyasət"Bugünkü beynəlxalq münasibətlər sistemində mürəkkəblik ortaya çıxdıqca beynəlxalq hüquq gücünü, diplomatiya isə aurasını itirir. Belə olan halda başqa neqativ amillər işə düşür. Bu reallıqlar fonunda dünya siyasəti unikal imkanlar və həll variantları tapan siyasətçilərin çiyinləri üzərində ayaqda durur desək, yanılmarıq. Şübhəsiz ki, bu məsələdə siyasətçilərin siyasi savadı qədər, şəxsi keyfiyyətləri də öz sözünü deyir." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"Hər şeydən öncə qeyd olunmalıdır ki, uğurlu xarici siyasət yürütmək üçün beynəlxalq kontekst nəzərə alınmalıdır. Gücün paylanmasının haradan başlayıb, haraya doğru yayıldığını izləmək lazımdır. Beynəlxalq münasibətlər sistemi ilə dövlətin yürütdüyü siyasət arasında əlaqə qurmağı bacarmaq isə ən önəmli mərhələlərdən biridir. Çünki dünya nizamını, beynəlxalq sistemin tərkib hissələrini nəzərə almadan qərar qəbulu proseslərində tələsmək, gecikmək və yanılmaq yolverilməzdir. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya siyasətinin və beynəlxalq sistemin nəbzini tutmağı bacarır. Qeyd etdiyimiz siyasi erudisiya və şəxsi amillər meyarının haqqını Azərbaycan Lideri tam layiqincə verir.
Bir yandan Avropa, Yaxın Şərq, MDB məkanı ilə əlaqələr qurularkən, digər yandan barışmaz mövqelər arasında balans tapmaq da önəmli amildir. Dünyanın müxtəlif regionlarında illərlə kök salan münaqişə və müharibə ocaqlarının söndürülməsi bu gün heç zaman olmadığı qədər aktuallıq qazanıb. Artıq dövlətlər gücün sərt elementindən yumşaq vasitələrə doğru keçidin mümkünlüyü, hətta zərurəti üzərində düşünməyə başlayıblar. Belə olan təqdirdə ölkələrin iqtisadi potensiallarının maksimum üzə çıxarılması zərurəti yaranır ki, burada lazım olan ilkin məsələ sabitliyin qarantiya altına alınmasıdır. Azərbaycan Lideri bu reallığı və qaçılmaz amili uzaqgörən düşüncəsi ilə zamanında nəinki görməyi bacardı, bu istiqamətdə tam zamanında addımlar atmağa başladı. Bunun nəticəsidir ki, məhz bizim son qoyduğumuz çoxəsrlik münaqişənin sadəcə formal olaraq qeydləşdirilməsi gedir. Azərbaycan öz reallığını özü yaratmış dövlətdir. Bir yandan Avropa, Yaxın Şərq, ərəb ölkələri və İsraillə münasibətlər dərinləşdirilərkən, digər yandan da Azərbaycan-Rusiya-İran arasında yenidən üçtərəfli formada görüşün keçirilməsi də olduqca vacibdir. Coğrafiyamız dəyişməz olaraq qalır. Eləcə də prioritetlərimiz. Azərbaycan aqressiv xarici siyasət kursundan uzaq, öz milli maraqları uğrunda belə mübarizə apararkən paralel olaraq da region əhalisini əhatə etməklə miqyası, kəmiyyəti qədər, keyfiyyəti də böyük siyasət yürüdür. Bu siyasət Liderimizin böyüklüyünün miqyasından, siyasətinin və şəxsiyyətinin ən yüksək keyfiyyətlərindən xəbər verir."
İBRAHİM MƏMMƏDLİ