“Əliyev Putinlə görüşdə təkcə Azərbaycanın yox, Qafqazın maraqlarını qorudu” – ÖZƏL

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında Düşənbədə baş tutan görüşə münasibət bildirib. O, "Facebook" paylaşımında qeyd edib ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın şərəfini qoruyub və bu münasibəti ilə Qərbin də diqqətini qazanıb.

Saakaşvilinin bu açıqlaması regiondakı geosiyasi balans baxımından nəyi ifadə edir?

"Saakaşvilinin bu açıqlaması siyasi baxımdan çox ciddi məna daşıyır. İlk növbədə o, İlham Əliyevin Cənubi Qafqazın ən böyük və ən nüfuzlu lideri olduğunu təsdiqləyir. İlham Əliyev tam müstəqil şəkildə, yalnız Azərbaycanın dövlət maraqlarını rəhbər tutaraq siyasət aparır. O, ölkəsinin böyüklüyündən və qarşı tərəfin kimliyindən asılı olmayaraq hər zaman Azərbaycanın maraqlarını qorumağı bacarır, danışıqlarda öz prinsipial mövqeyini qətiyyətlə ortaya qoyur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev Saakaşvilinin prezident İlham Əliyevlə bağlı fikirlərini şərh edərkən deyib. Siyasi şərhçi bildirib ki, bu, mürəkkəb geosiyasi məkanda Azərbaycanın nüfuzunun əhəmiyyətli dərəcədə artdığını göstərir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə daha fəal və təsirli oyunçuya çevrilməsi, həm də onun siyasi müstəqilliyinin real göstəricisidir. Prezident İlham Əliyev danışıqlar zamanı heç bir dövlətin nüfuzundan və ya liderindən çəkinmir. Onun üçün əsas məsələ Azərbaycanın milli maraqlarının qorunmasıdır. Bu prinsipial mövqe Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə birbaşa təsir göstərir.

"Məhz bunun nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqaz regionuna aid məsələlərdə deyil, həm də regiondan kənar beynəlxalq problemlərin həllində iştirak etməyə dəvət olunur. Azərbaycanın mövqeyinə hörmətlə yanaşılır və onun iştirakı qlobal miqyasda məqbul sayılır", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, bu  Azərbaycanın artıq beynəlxalq aləmdə söz sahibi olan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını hər şeydən üstün tutan bir dövlət olduğunu göstərir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31