Füzuli Qarabağın “hava qapısı”na çevrilib- ÖZƏL

"1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal illərində yüzlərlə füzulili şəhid oldu, onlarla insan itkin düşdü, rayonun kəndləri və tarixi abidələri yerlə-yeksan edildi. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu 22 kəndi azad etsə də, şəhərin azad olunması 27 il sonra mümkün oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "2020-ci il 17 oktyabr - Füzulinin tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad etdi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən strateji əhəmiyyət daşıyan əməliyyatlarından idi. 30 ilə yaxın düşmən tərəfindən qurulan müdafiə xəttinin qısa zamanda yarılması Azərbaycan Ordusunun hərbi qüdrətini, döyüş bacarığını və milli ruhun gücünü göstərdi.
Azərbaycanın qəhrəman övladlarının şücaəti nəticəsində 62 yaşayış məntəqəsi azad olundu. Bu döyüşlərdə iştirak etmiş 25.325 hərbi qulluqçu Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müharibədən dərhal sonra Prezident İlham Əliyev Füzuliyə səfər edərək Azərbaycan bayrağını şəhər üzərində ucaltdı. Bu, yeni bir mərhələnin - Böyük Qayıdış dövrünün başlanğıcı idi. Dövlət başçısının tapşırıqları ilə Füzuli şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan Baş Plan təsdiqləndi. Həmin planda Füzulinin "ağıllı şəhər" prinsipləri əsasında, ekoloji cəhətdən təmiz, müasir kommunikasiya və sosial infrastrukturla təmin olunmuş bir mərkəzə çevrilməsi nəzərdə tutulub.
Rayonda "Füzuli" və "Füzuli Rəqəmsal" yarımstansiyaları, Köndələnçay su anbarları kompleksi, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları kimi nəhəng layihələr həyata keçirilib. Xüsusilə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağın "hava qapısı"na çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31