Azərbaycanın ərazi iddiası yoxdur: Zəngəzur təşvişi siyasi PR-dır – ÖZƏL

"Azərbaycan Kartoqrafları"nın hazırladığı Zəngəzur dəhlizi xəritəsinin  Ermənistanda yaratdığı  narahatlığa  münasibət  bildirən  . siyasi şərhçi Əli Mustafa  Olaylar.az-a şərh edərək deyib  ki,  Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi artıq razılaşdırılıb və yaxın vaxtlarda imzalanması gözlənilir. Bu sənəddə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır. Belə bir sənədin hazırlanması və gündəmə gəlməsi əslində qarşı tərəfdə narahatçılıq yaratmamalıdır:"

"Görünür, söhbət daha çox texniki məqamları özündə əks etdirən bir sənəddən gedir. Böyük ehtimalla bu layihə nəqliyyat və kommunikasiya xətlərinin açılması, onların iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri əhatə edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın ərazilərinə qarşı hər hansı ərazi iddiası yoxdur. Hərçənd həmin torpaqlar tarixi baxımdan bizə məxsus olub, lakin Azərbaycan Almatı Bəyannaməsinə və 1991-ci il sərhədlərinə əsaslanan ərazi bölgüsü prinsipinə sadiqdir.

Bu səbəbdən Ermənistan cəmiyyətində müşahidə olunan narahatlıq və təşviş, məncə, ya anlaşılmazlıqdan, ya da bilərəkdən yaradılan çaşqınlıqdan qaynaqlanır. Bunu bir növ Paşinyanı nüfuzdan salmaq və ictimai etimadı sarsıtmaq məqsədi daşıyan siyasi PR kampaniyasının tərkib hissəsi kimi qiymətləndirmək olar".

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda burada "beşinci kolon"un, yəni Rusiya və İran yönümlü dairələrin də təsiri istisna deyil. Onlar bilərəkdən bu məsələləri qəsdən qaralamağa, Ermənistan cəmiyyətində Paşinyana qarşı inamsızlıq yaratmağa çalışırlar.

Ekspertin sözlərinə görə, xəritələrin hazırlanması, sərhədlərin dəqiqləşdirilməsi və digər texniki məsələlər Ermənistanın ərazi bütövlüyünə heç bir təhdid yaratmır. Əksinə, bu proses regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşmasına xidmət edir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31