Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır- ÖZƏL

"22 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 22 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "Cənab İlham Əliyev tutduğu yolla Azərbaycan xalqını illərdən bəri həsrətində olduğu qələbəyə apardı. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş verdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı. Xalqımızı qalib edən, Ulu Öndərin müqəddəs vəsiyyətini, ümdə arzusunu yerinə yetirən Prezident İlham Əliyev müdrik lider, qalib sərkərdə, böyük stradeq kimi adını Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazdı.
Ötən 22 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31