Anti-Azərbaycan ritorikasının arxasında kimlər dayanır və yaxud ikili oyun- ÖZƏL
13:30 Siyasət"Son vaxtlar Rusiya siyasətində yeni bir ritorika formalaşıb. Bəzi siyasi elita nümayəndələri postsovet məkanındakı ölkələrə, xüsusən də Azərbaycana qarşı xüsusi aqressiya nümayiş etdirirlər. Bu, həm media məkanında, həm də siyasi dairələrdə aydın hiss olunur".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov bu fikirləri Olaylar.az-a açıqlamasında bildirib. Siyasi şərhçi qeyd edib ki, xüsusilə 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulmasından sonra bu meyllər daha da güclənib. Həmin hadisə Rusiya tərəfindən törədilib və bundan sonra Rusiyanın siyasi və informasiya məkanında anti-Azərbaycan ritorikası açıq şəkildə artıb. Rusiya mediasında, ictimai və siyasi çevrələrdə Azərbaycana qarşı təhqiramiz fikirlərin, mənfi münasibətin getdikcə gücləndiyini müşahidə edirik.
"Düzdür, Rusiya Prezidenti Vladimir Putin hadisədən sonra məsuliyyəti üzərinə götürərək üzrxahlıq etdi. Lakin buna baxmayaraq, anti-Azərbaycan ritorika hələ də davam edir. Bu vəziyyət əslində ikili oyun təəssüratı yaradır: bir tərəfdən rəsmi səviyyədə üzrxahlıq edilir, kompensasiya məsələsindən danışılır, digər tərəfdən isə Rusiya mediasında və bəzi siyasətçilərin çıxışlarında Azərbaycana qarşı təhqiramiz münasibət davam edir. Bu, göstərir ki, Rusiya daxilində müəyyən dairələr hələ də Azərbaycana qarşı mənfi təbliğatı davam etdirməkdə maraqlıdır", - deyə ekspert əlavə edib.
S. Hümbətovun fikrincə, əgər bu cür təhqiramiz fikirlər açıq şəkildə səsləndirilirsə, onların arxasında Kremlin təsirinin və ya birbaşa sifarişinin olması istisna deyil. Çünki bu ritorikanı davam etdirən şəxslər - Konstantin Zatulin, Vitali Milonov, Solovyov və digərləri - hər biri müəyyən dərəcədə Kreml administrasiyasına bağlı fiqurlardır. Əgər onlar bu cür tonda fikirlərini səsləndirməkdə davam edirlərsə, deməli, bu, Kremlin də mövqeyi ilə ziddiyyət təşkil etmir. Başqa sözlə, Rusiya hakimiyyəti bu şəxsləri Azərbaycana qarşı siyasi və informasiya təzyiq aləti kimi istifadə edir.
"Lakin vəziyyət yalnız o zaman dəyişə bilər ki, Kremlin özü Azərbaycana qarşı bu ritorikanın yumşaldılmasının tərəfdarı olsun. Əgər Rusiya rəhbərliyi bu istiqamətdə qərar qəbul etsə, həmin şəxslərə də təlimat veriləcək və onlar dərhal ritorikanı dəyişəcəklər. Çünki bu simalar Kremlin iradəsindən kənar hərəkət edə biləcək şəxslər deyil", - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz