Azərbaycanın yeni xəritəsi Ermənistanda nə üçün narazılıq doğurur? - ÖZƏL

"Azərbaycan Kartoqrafları" İctimai Birliyinin hazırladığı Zəngəzur dəhlizinin xəritəsi Ermənistanda narahatlıq yaradıb. Erməni ekspertlər (Varujan Geqamyan, Şiraz Xaçaturyan) və rusiyalı Konstantin Zatulin layihəni Türkiyə-Azərbaycan tandeminin Cənubi Qafqazda ideoloji və hərbi-siyasi üstünlük əldə etmə planının tərkib hissəsi kimi qiymətləndirirlər. Geqamyan Türkiyə mediasında Meğri-Qafan bölgəsinin Türkiyə-Azərbaycan, Marqara bölgəsinin isə Türkiyənin nəzarətinə veriləcəyi barədə məlumatlara diqqət çəkib. İranlı ekspert Əhsan Movahedian layihənin İranın təhlükəsizliyinə və Qərbin bölgədə mövcudluğuna təsir edə biləcəyini bildirib. Erməni ekspertlər Paşinyanın açıqlamalarını "tısbağa siyasəti" adlandıraraq tənqid edirlər.

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
"  Hesab edirəm  ki,  ermənilərin, erməni ekspertlərinin  belə narahatlığı mənasız və əhəmiyyətsizdir. Azərbaycan Zəngəzur dəhlizi  məsələsinə yalnız nəqliyyat və kommunikasiya əlaqəsi kimi baxır və bizim Türkiyə ilə oranın idarəçiliyini götürmək kimi bir iddiamız yoxdur. Deyək ki, əgər Ermənistan o dəhlizi idarə edə bilmirsə, idarə edə bilməyəcəksə, hə, bunu Türkiyə və Azərbaycanın idarəçiliyinə vermək istəyirlərsə, bu başqa məsələdir. Yəni, o halda biz idarə edə bilərik. Yoxsa, bu şəraitdə və situasiyada, biz Zəngəzur dəhlizinə sadəcə dəhliz və nəqliyyat-kommunikasiya əlaqəsi kimi baxırıq. Və yeni xəritədə də orada nəqliyyat əlaqəsi əks olunub. Ərazi iddiaları getməyib. Yəni, Azərbaycanın, Ermənistanın, İranın sərhəddi göstərilib. Bunu belə təqdim etmək və narahat, narazı tonla təqdim etmək, hesab edirəm ki,   erməni hakim dairələrinin, erməni ekspertlərinin məqsədli təqdimatıdır. Onlar bununla məsələnin gerçəkləşməsi ləngitmək, hətta  qarşısını almaq istəyirlər. Çünki nəyə görə bu normal bir nəqliyyat dəhlizini, kommunikasiya əlaqələrini,  iqtisadi və ticarət əlaqələrini həm də siyasi əlaqələrin bərpasına səbəb olacaq belə bir önəmli layihəyə qarşı çıxılsın? Düşünürəm ki, məqsəd bunu ləngitmək, hətta gerçəkləşməsinə mane olmaqdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31