Rusiya Suriyada itirdiyi nüfuzu bərpa etməyə çalışır- ÖZƏL

"Rusiya Prezidenti Vladimir Puinlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasındakı görüş tərəflərin çoxvektorlu münasibət quracağına işarə edir. Ötən ilin dekabrından Bəşər Əsədin devrilməsi ilə Rusiya Yaxın Şərqin Suriya cinahında ABŞ və Türkiyə qarşısında geosiyasi cəhətdən zəif duruma düşdü. Ancaq o, Suriya sahillərində Aralıq dənizindəki güc proyeksiyasına təsir edən hərbi bazalarının mövcudluğunu qoruyub saxlayır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib: " Başqa yandan isə Rusiya ilə Suriya bundan sonra hərbi, enerji və iqtisadi sahədə əməkdaşlığı prioritetləşdirirlər. Bu, Rusiyanın Suriyada itirdiyi nüfuzunu getdikcə bərpa etdiyinə dair təəssüratlar yaradır. Suriyanın kritik resurs çatışmazlığını həll etmək üçün Rusiyadan iqtisadi yardım almağa davam etməyə çalışması fonunda isə Kremlə əlavə fürsətlər yaranır. 


Suriya hökuməti hazırda Rusiyadan başqa bir məqsədlə də istifadə etməyə çalışır. Bu, əsasən, Suriyada İsrailin təsirlərinin balanslaşdırılmasında Rusiyanın rolundan yararlanmaq manevrinə əsaslanır. 
Ancaq Rusiya əsas səylərini Ukraynada başlatdığı müharibəyə yönləndirdiyindən onun Suriyadakı geosiyasi vəziyyətini necə idarə edəcəyi suallar yaradır. Üstəlik Rusiyanın İsrailə prosesdə təsir etmək imkanları məhdud görünməkdədir və hazırda Yaxın Şərqin geosiyasi arxitekturasının qurulmasında ABŞ daha çox fəallıq göstərir. 
Ancaq ehtimalla Rusiyanın Suriyadakı iqtisadi və enerji sahəsində təmsilçilik hüququ qazanması ABŞ-yə də sərfəli variantdır. 
ABŞ-nin Rusiyanın 2025-ci ilin mart ayından etibarən sanksiyalara məruz qalmış tankerlər vasitəsilə Suriyaya xam və emal olunmuş nefti tədarük etməsinə əhəmiyyətli maneə yaratmaması da bu fikri gücləndirir. İsrailin də Rusiyanın iştirak edəcəyi layihələri dəstəkləməsi ehtimal olunandır. 
Gümanla Rusiya İsrail, ABŞ və Türkiyə ilə Suriyada əməkdaşlıq çərçivələrini müəyyənləşdirir. 
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bu proseslərin gedişatında daha çox qurban veriləcəkmiş kimi görünür. Suriya rəsmiləri yəqin ki, Suriya hökumətinin daxili və beynəlxalq legitimliyini gücləndirmək üçün Əsəd rejiminin qalıqlarına Rusiyanın dəstəyini dayandırmağa nail olacaqlar. 
Bunun ardınca isə Rusiyada sığınacaq alan Bəşər Əsədin təhvil verilməsi üçün prosedurlar başlana bilər. Rusiya Şaaradan əhəmiyyətli və həlledici güzəşt ala bilsə, Bəşər Əsədin Suriyaya təslim edilməsi istisna edilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31