Beynəlxalq s ammitdə Azərbaycanın artan roluna diqqət - ÖZƏL
16 Oktyabr 2025 12:43 Siyasət"Azərbaycan Prezidentinin Qəzzaya həsr olunmuş beynəlxalq sammitdə iştirakı önəmli bir hadisədir. Nəzər alaq ki, bu sammitə yalnız 20 dövlət başçısı və əlavə olaraq bir neçə beynəlxalq təşkilatın nümayəndəsi dəvət olunmuşdu. Donald Trampın həmin toplantıya qatıldığı zaman ayr-ayrı liderlərlə görüşməsi, şəkil çəkdirməsi və onlarla bağlı fikirlərini səsləndirməsi diqqət çəkib. Xüsusilə onun Azərbaycan Prezidenti ilə səmimi görüşü və Prezident haqqında fikirləri diqqətçəkici olub".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
"O, Azərbaycan Prezidentini güclü adlandırıb və onun Ermənistanda sülhün təmin olunmasında və bölgədəki sülh prosesinə verdiyi töhfəni qeyd edib. Bütün bunlar Azərbaycanın artan nüfuzu ilə bağlıdır. Son beş ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həm regional, həm də beynəlxalq platformalarda olduqca aktiv siyasət yürüdür. Bu siyasət ölkəni vacib bir faktora çevirib. Xüsusilə yaxın və Orta Şərqdəki proseslərdə Azərbaycanın iştirakı diqqət çəkir. Azərbaycanın bu regionun aparıcı ölkələri ilə- İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə çox yüksək səviyyəli münasibətləri var. Bundan başqa, Azərbaycanın Suriyanın yeni hakimiyyəti ilə kifayət qədər ciddi və konstruktiv əlaqələri mövcuddur. Azərbaycan artıq Yaxın və Orta Şərqdəki enerji layihələrində iştirak edir. Azərbaycan qazının Suriyaya ixrac olunması bu baxımdan vacib bir məqamdır. Bundan əlavə, Azərbaycan və Suriya tərəflərinin razılaşmasına görə SOCAR Suriyadakı enerji layihələrindən iştirak edəcək.
Bir daha qeyd etmək lazımdır ki, bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasətin nəticələridir. Bu siyasət çoxvektorlu, balanslaşdırılmış və Azərbaycanın maraqlarını ön planda tutan, digər tərəflərin maraqlarına hörmət üzərində qurulmuş bir siyasətdir".
Zeynəb Mustafazadə