Dövlətə Ramiz Mehdiyev xəyanəti

Uzun illər təcrübəli dövlət xadimi, peşəkar siyasətçi, Azərbaycan dövlətinin ideoloji əsaslarını müəyyən edən, filosof, elm adamı kimi təqdim edilən "dövlət adamı"nın  nəhayət ki, iç üzü açıldı. Çox təəssüf ki, yüksək səviyyəli dövlət vəzifəsində olduğu üçün idarəetmənin bütün sahələrinə nüfuz etmək imkanına malik "boz kardinal"ın qaranlıq, anti-milli fəaliyyəti yaşının ahıl vaxtında aşkar olundu. Özünü peşəkar siyasətçi adlandıran, dövlət idarəçiliyinin bütün cikini-bikini bilən bir şəxsin 87 yaşında hakimiyyəti ələ keçirmək sevdasına düşməsi deməyə əsas verir ki, bü şəxs bütün fəaliyyəti dövründə dövlətə xəyanət yolu tutub. Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra nə qədər mərhumiyyətlərə düçar olub, sağdan, soldan, xaricdən, daxildən amansız hücumlara məruz qalıb, dəfələrlə dövlət müstəqilliyini itirmək təhlükəsilə üz-üzə durub, işğalçı dövlətlə yanaşı, beynəlxalq güc mərkəzləri ilə açıq savaşa girib. Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçib. Bütün sadalanan məşəqqətlərlə mübarizə dövründə dövlətin ən ali vəzifələrindən   birinin başında məhz dövlətə xəyanət yolu tutmuş şəxs əyləşib. Təsəvvür etmək belə mümkün deyil ki, belə bir halda dövlətin müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək necə də ağır bir işdir. Şükürlər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordu-Xalq birliyi bu savaşdan alnı açıq, üzü ağ çıxmağı bacardı. Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya erməniliyi və onun arxasında dayanan super güclərlə yorulmadan mübarizə apararaq  Azərbaycanı dünyaya qalib və qüdrətli xalq statusu qazandırıb.
 İndi isə, dünyada misli görünməyən Qələbəmizə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, ölkəmizin nəinki regionda bütün dünyada söz sahibinə çevrilməsini həzm edə bilməyərək hakimiyyəti ələ almaq niyyətinə düşən şəxslərin hesabat vaxtıdır. Heç şübhəsiz ki, hüquqi dövlət statusunu öz fəaliyyətində təsbit etmiş, qanunun aliliyi prinsipini prioritet hesab edən Azərbaycan dövləti kimlərinsə pozuculuq fəaliyyətinə biganə qala bilməzdi. 
Söhbət 1994-cü ildən 2019-cu ilə qədər - əsrin dörddə biri olan 25 il ərzində daxili siyasətin və idarəetmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Ramiz Mehdiyevdən gedir. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin başladığı cinayət işi üzrə və təqdim etdiyi vəsatət əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilən Mehdiyev Ramiz Ənvər oğlu barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Məlumat üçün qeyd edək ki,  ittiham olunan şəxsə qarşı cinayət mühakiməsi üzrə irəli sürülmüş maddələr, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1, 274 - xüsusilə ağır, 193-1.3.2-ci maddələri isə dövlətin ağır cinayətlər kateqoriyasına aiddir. Qeyd edilən CM-nin 274 və 278-ci maddələri üzrə cəza 12 ildən 20 ilədək, 193-1.3.2-ci maddəsi üzrə isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi ilə müəyyən edilib. Bu üç maddə birlikdə tətbiq olunursa, iş xüsusilə ağır cinayət kateqoriyasına daxil olur. Cinayət Məcəlləsinin 66-cı maddəsinə görə, bu zaman cəzanın məbləği toplanmır, ən ağır olan (278 və 274) maddə əsas götürülür. Yəni nəzəri olaraq, mümkün hökm 15 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər dəyişə bilər. Heç şübhəsiz ki, hüquq -mühafizə orqanları Ramiz Mehdiyev barəsində açılan cinayət işini obyektiv tamamlayaraq qanunun tələb etdiyi cəzanı təyin edəcəklər. Nəzərə alaq ki, Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs, hətta toxunulmazlıq statusu olan şəxslər belə qanun qarşısında məsuliyyət daşımalı, törətdikləri qanunsuz əməllərə görə cavab verməlidirlər. Əslində Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilməsi  Azərbaycan xalqı üçün sürpriz deyil. Çünki Ramiz Mehdiyevin intriqalarla dolu karyerasının təməlində yalnız və yalnız  vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, Azərbaycanın dövlət maraqlarını köləsi olduğu imperiyaya qurban vermək dayanıb. Dövlət Təhlükəsizlik Şurasının üzvü olan bir məmurun xəyanətkar mövqedə durması heç cür başa düşülən deyil.
Məsələnin ikinci tərəfi   Mehdiyevin cinayət işinin, başqa sözlə törətdiyi əməlin mənəvi tərəfidir. Burada söhbət dövlətə və xalqa vurulan mənəvi zərbədən gedir. Kürəkdən sancılan bıçağın ağrı-acısı hələm-hələm sağalmır. Odur ki, dövlətə xəyanət edən şəxslər həm də xalq tərəfindən mühakimə olunmalıdır. Axı belə xəyanətkar insanlar xalqın inamını sarsıdır, qələbəyə ümidlərini qırır. Odur ki, irqindən, dilindən, dinindən, tutduğu siyasi mövqeyindən asılı olmayaraq dövlətə, dövlət başçısına xəyanət edən hər kəs layiqli cəzasını almalıdır. Dövlətə, millətə qarşı xəyanət mövqeyində duran istənilən məmur anlamalıdır ki, Azərbaycan qüdrətli dövlətdir, onun müstəqilliyinin keşiyində duran hüquq mühafizə orqanları və güclü xalqı var. Azərbaycan xalqı öz dövlətinə və Prezidentinə inanır və hər zaman onun yanındadır. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31