Füzuli əməliyyatı Şuşanın azad edilməsinin əsasını qoydu- ÖZƏL
16 Oktyabr 12:37 Siyasət"Beş il öncə - 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji və simvolik əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Bu qələbə dövlətin siyasi iradəsinin, milli birliyin və ordu quruculuğunun nəticəsi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ təşkil etdi. 2023-cü ildən etibarən həmin günün "Füzuli şəhəri günü" kimi qeyd olunması həmin hadisənin tarixi və ideoloji yükünü dövlət səviyyəsində rəsmiləşdirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Füzuli rayonu coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edən bölgələrdən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazi həm təbii resursları, həm də kommunikasiya yollarına çıxışı baxımından regionda mühüm mövqeyə malikdir. Tarixi baxımdan 1827-ci ildə əsası qoyulan və 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə adlandırılan bu ərazi həm mədəni, həm dini-tarixi memarlıq abidələri ilə zəngindir. XIII-XIV əsrlərə aid Şeyx Babi Yaqub və Mirəli türbələri, həmçinin XIX əsr memarlıq nümunələri bu bölgənin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu göstərir. 1993-cü ilin avqustunda Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgə sosial, iqtisadi və humanitar fəlakətlə üzləşdi. Onilliklər boyu davam edən bu vəziyyət yalnız ərazi itkisi deyil, həm də regional təhlükəsizlik və inkişaf baxımından dərin nəticələr doğurdu.
2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi zamanı Füzuli istiqamətində aparılan əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını və müasir hərbi potensialını nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər cənub cəbhəsində strateji qapının açılmasına və sonrakı əməliyyatların - xüsusilə Şuşa istiqamətinin azad edilməsinin əsasını qoydu".