Türkiyə-İsrail münasibətləri: Atəşkəs pozularsa yeni siyasi addımlar mümkündür - ÖZƏL
16 Oktyabr 2025 12:28 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən bildirib ki, Qəzzada atəşkəsin qorunması vacibdir. O, İsrailin keçmişdə atəşkəsi pozduğunu xatırladaraq diqqətli olmağa çağırıb və Türkiyə, ABŞ və digər ölkələrin atəşkəsə dəstəyini vurğulayıb. Ərdoğan əlavə edib ki, vəziyyətin gərginləşməsi ağır nəticələrə səbəb ola bilər və indi əvvəlki razılaşmalardan fərqli olaraq daha güclü ortaq iradə mövcuddur.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əgər İsrail yenidən atəşkəsi pozarsa, yəni bu dəfə atəşkəsi pozan tərəf İsrail olarsa, onda Ərdoğanın dediyində haqlılıq payı var ki, bu dəfə daha sərt tədbirlər onu gözləyə bilər. Çünki Amerika Prezidenti Donald Tramp özü də bu dəfə bölgədə ümumi bir razılaşmanın, yəni, tərəflərin hər ikisi üçün uyğun ola biləcək bir razılaşmanın əldə edilməsindən yana görünür. İndi İsrailin atəşkəsi pozan tərəf olması, əslində, onun bir növ Donald Trampın istəyinə qarşı çıxması kimi qiymətləndirilə bilər. Bu halda İsrail özünün əsas dəstəkçisini- onu bütün təhdidlərdən qoruyan ABŞ-ın dəstəyini itirə və ya yalnız lokal dəstək ala bilər. "Lokal dəstək" dediyim nədir? Sadəcə İsrailin sərhədlərini qorumaqla bağlı dəstək ala bilər. Qəzzadakı, Suriyadakı əməliyyatlarda İsrail tək buraxıla bilər ki, orada çətinliklərlə üzləşsin, məğlubiyyətlər yaşasın və öz sərhədlərinə geri dönsün. Bax, bu baş verə bilər.
Amma burada yenə də ABŞ-ın bölgədəki maraqlarının nədən ibarət olduğunu düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə indi elə bir geosiyasi vəziyyət formalaşıb ki, ABŞ-ın maraqlarını birmənalı şəkildə təmin edən tək ölkə İsraildir. Yəni Donald Tramp hər nə qədər onun siyasi iradəsinə qarşı gəlsə də, İsraili tək qoyacaqmı, yaxud da İsraili digər tərəflərlə mübarizədə məğlubiyyətə aparacaq addımlar atacaqmı, bu, özü sual altındadır. O ki qaldı Ərdoğanın "layiqli cavab alınacaq" sözünə - burada İsrailə birbaşa hücumdan, yaxud Qəzzadakı İsrail ordusuna, Suriyadakı İsrail hərbi birliklərinə zərbələrin endirilməsindən söhbət gedə bilməz. Çünki hələ ki, region bu qədər ciddi eskalasiyaya hazır deyil və tərəflər sırf diplomatiya yolu ilə bu məsələnin həllinə çalışırlar. Ola bilər ki, bir müddət keçər, artıq bütün diplomatik variantlar tükənər, dünya ölkələri başa düşər ki, diplomatiya burada işləmir. O zaman, bəli, Türkiyə-İsrail qarşıdurmasını da müəyyən mənada görə bilərik. Amma bunun üçün hələ tezdir. Nə Türkiyə, nə də İsrail bu qədər ciddi geosiyasi rəqabətin pik həddinə çatıb. Amma Türkiyənin əlində də İsrailə qarşı ciddi təsir vasitələri var. Məsələn, Türkiyə ciddi mənada HƏMAS-ın yenidən silahlandırılması, Suriyadakı türk meyilli qüvvələrin müasir silahlarla təchiz edilməsi istiqamətində addımlar ata bilər. Eyni zamanda Türkiyə İranla konsensus əldə edərək, İran-Türkiyə mərkəzli bütün proksi qüvvələrin və ümumilikdə dövlət səviyyəsində İran-Türkiyə güclərinin İsrailə qarşı birgə mövqeyini formalaşdıra bilər ki, bu da Benyamin Netanyahu hakimiyyətini ciddi şəkildə çətin vəziyyətə sala bilər. Digər versiya da mümkündür ki, bölgədə olan bütün anti-İsrail qüvvələrin yenidən təşkilatlanması və onlara hərtərəfli dəstəyin verilməsi məsələsi aktuallaşa bilər. Türkiyə bunu müəyyən qədər etmək iqtidarındadır və əgər bunu etsə, bundan sonrakı əməliyyatlar İsrail üçün ciddi çətinliklər yarada bilər. Və nəzərə almaq lazımdır ki, Türkiyənin buradakı mövqeyi həlledici olacaq. Amma bu, o demək deyil ki, Türkiyə Amerikadan, Rusiyadan və ya Çindən güclüdür. Xeyr, söhbət gücdən getmir. Söhbət ondan gedir ki, Türkiyə bu Rusiya-Çin-İran və İsrail-ABŞ-Britaniya qarşıdurmasında qüvvələr nisbəti bərabər olarkən hansı tərəfə keçərsə, həmin tərəfin üstünlük qazanacağı bir geosiyasi vəziyyət formalaşa bilər. Hazırda Türkiyə nə Rusiya-Çin-İran tərəfdaşlığında yer alır, nə də Qərbi bir mənalı şəkildə dəstəkləyir. Ümumiyyətlə, heç birinin nə açıq dəstəyini verir, nə də tam əleyhinə çıxır. Sadəcə diplomatik dil ilə İsraili tənqid edir, İsraildən tələb edir ki, bölgədə şovinist siyasəti dayandırsın və Türkiyənin maraqlarının tapdanmayacağı bir reallığa doğru keçilsin. Ona görə Ərdoğanın açıqlaması əslində İsrailə bir növ təhdiddir. Həm İsrailə, həm də onu dəstəkləyənlərə mesaj verir ki, bölgədə Türkiyə var və onun maraqlarını mütləq şəkildə nəzərə almaq lazımdır. Əks halda, Türkiyə yeni geosiyasi reallıqlarda öz maraqlarını qorumaq üçün addımlar atmaq potensialına və seçimlərinə malikdir".
Zeynəb Mustafazadə