Ermənistanda yeni siyasi dalğa: Paşinyanın qarşısında formalaşan qüvvə - ÖZƏL

Həbsdə olan Samvel Karapetyanın qurduğu "Bizim Yolumuz" hərəkatı İrəvanda ilk toplantısını keçirib və 2026-cı il seçkilərində Paşinyana əsas alternativ olacağını elan edib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, əgər bu proses kifayət qədər uğurlu bir başlanğıc kimi davam etsə, Karapetyanın bu həmləsi Paşinyanı ciddi bir təhlükə ilə üz-üzə qoya bilər: 
" Aydın məsələdir ki, Samvel Karapetyanı bu məsələyə cəlb edə bilərlər. Birincisi, hər bir hakimiyyətin uzunmüddətli davam etməsi müəyyən yorğunluq yaradır. Artıq Paşinyan uzun müddətdir hakimiyyətdədir və ona qarşı həm razı, həm də narazı kütlə mövcuddur. Narazı kütlə isə potensial alternativ, yəni müxalif tərəfdir. Karapetyanın bu məsələyə cəlb olunması da məhz bu səbəbdən mümkündür. O, Sarkisyan və ya Köçəryan kimi 30 il hakimiyyətdə olub ölkəni talayan, korrupsiyada adı hallanan şəxslərdən deyil. Əksinə, Karapetyan iş adamı kimi tanınıb, onun adı bu kimi hallarda çəkilməyib. Kifayət qədər böyük - milyardlarla vəsaiti var və bu vəsaiti təbliğat üçün xərcləmək imkanı da mövcuddur. Həm də düşünür ki, bu pulları ölkənin inkişafı üçün xərcləmək lazımdır.
Karapetyanın 5000 könüllü toplaması sürpriz deyil, bu say daha da arta bilər. O, Vardanyan kimi müəyyən vəsaitlər xərcləyən, xeyirxah iş adamı kimi özünü tanıdır. Paşinyan isə bunun qarşısını almaq üçün onu həbs etdirdi.
Karapetyan hazırda özünü tanıtmaq, reklamını aparmaq mərhələsindədir və müəyyən tərəfdarlar da qazanacaq. Amma əsas sual budur ki, o, Paşinyana qarşı kifayət qədər böyük bir tərəfdar toplayıb qalib gələ biləcəkmi? Partiyaya çevriləcəkmi, müxalif birliyi formalaşdıra biləcəkmi? Bunlar hələ sual altındadır. Lakin mümkündür ki, əgər bu proses kifayət qədər uğurlu bir başlanğıc kimi davam etsə, Karapetyanın bu həmləsi Paşinyanı ciddi bir təhlükə ilə üz-üzə qoya bilər.

Xatıladaq  ki,  qısa müddətdə 5 000 könüllü toplayan hərəkat, Paşinyan rejimini geosiyasi uğursuzluqlara görə tənqid edir.  Hərəkat, Karapetyanın seçkilərdə iştirakını əngəlləmək üçün istintaqın bilərəkdən uzadıldığını iddia edir və yaxın günlərdə İrəvanın Azadlıq meydanında onun azadlığı tələbi ilə böyük mitinq keçirməyi planlaşdırır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31