Müharibə təkcə silahla deyil, həm də ruhla qazanılır
13:50 SiyasətFüzulinin azad edilməsi Azərbaycan xalqının qələbə əzmini artırdı
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində təkcə işğal altındakı torpaqların azad olunması ilə deyil, həm də Azərbaycan dövlətinin siyasi, hərbi və mənəvi qüdrətinin bütün dünyaya nümayişi ilə yadda qaldı. Möhtəşəm Qarabağ Zəfərinin mühüm mərhələlərindən biri, heç şübhəsiz, oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsidir. Məlum olduğu kimi, Füzuli rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu ərazi Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərini birləşdirən mühüm kommunikasiya mərkəzi idi. Füzuli həm də Qarabağ bölgəsinə daxil olmaq üçün əsas qapılardan biri hesab olunurdu. Buna görə də Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatında Füzuli istiqamətinin seçilməsi təsadüfi deyildi. Milli Məclisin deputatı Əli Hüseynli qeyd edib ki, Füzulinin azad edilməsi təkcə hərbi məqsədlərə xidmət etmirdi-bu, eyni zamanda digər cəbhə istiqamətlərindəki əməliyyatların dinamikasını müəyyənləşdirən strateji açar rolunu oynayırdı: "Prezident İlham Əliyevin sözləri ilə desək, "Füzulinin alınması Cəbrayıl və Hadrut əməliyyatlarına yol açdı, bu isə Şuşaya gedən qələbə yolunun başlanğıcı oldu". Ermənistan ordusunun illərlə qurduğu müdafiə xətti - cəbhə xətti boyunca 200 kilometrədək uzanan "Ohanyan səddi" onların özlərinin təbliğatında "keçilməz qala" kimi təqdim edilirdi. Beton bunkerlər, minaatan mövqeləri, tank əleyhinə xəndəklər və istehkamlarla dolu bu xəttin məqsədi Azərbaycan ordusunun hücumlarını dayandırmaq idi. Lakin "Dəmir yumruq" hərbi əməliyyatının ilk günlərindən etibarən Azərbaycan Ordusu yüksək peşəkarlıq, mükəmməl koordinasiya və texnoloji üstünlük nümayiş etdirdi. PUA-ların, yüksək dəqiqlikli artilleriyanın və xüsusi təyinatlı qüvvələrin yüksək peşəkarlıqla səfərbərliyi nəticəsində cənub-şərq cəbhəsində "Ohanyan səddi"nin əsas dayaq nöqtəsi qısa müddətdə məhv edildi. Bu, yalnız bir hərbi uğur deyil, illərlə davam edən psixoloji üstünlüyün, Ermənistan ordusunun "mifoloji keçilməzliyinin" iflası idi. Səddin dağıdılması Azərbaycan əsgərinin ruh yüksəkliyini daha da artırdı, düşmən cəbhəsində isə panika yaratdı.
Füzulinin azad olunması barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində elan edilmiş qələbə müjdəsi bütün ölkədə böyük coşqu ilə qarşılandı, çünki bu əməliyyat Vətən müharibəsinin ən ağır, amma ən mühüm döyüşlərindən biri idi. Bu əməliyyatın hərbi-strateji və psixoloji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ordusu Qarabağın cənub istiqamətində tam üstünlüyü ələ aldı, Cəbrayıl və Hadrut istiqamətində irəliləmək üçün təhlükəsiz cəbhə xətti formalaşdı, Şuşa və Xankəndiyə gedən strateji yolların açılması üçün real zəmin yarandı və nəhayət, Ermənistan ordusunun müdafiə sistemləri tamamilə çökməyə başladı. Füzulinin işğaldan azad edilməsi həm də Azərbaycan ordusunun yüksək səviyyədə planlaşdırma, idarəetmə və çevik manevr qabiliyyətini göstərdi".
Millət vəkili qeyd edib ki, müharibə təkcə silahla deyil, həm də ruhla qazanılır: "Füzuli əməliyyatında qazanılan hərbi uğur Azərbaycan xalqında və ordusunda qələbə əzmini daha da möhkəmləndirdi. Bu, xalqın öz gücünə inamını artırdı, 30 ilə yaxın davam edən ədalətsizliyin sona çatacağına əminlik yaratdı. Ermənistan cəmiyyətində isə tam əks proses baş verdi, "Ohanyan səddi"nin dağılması, Füzulinin itirilməsi onların təbliğat sisteminə ağır zərbə vurdu. Artıq "Azərbaycan Ordusu irəliləyə bilməz" kimi iddialar mənasız hala gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin yalnız Ali Baş Komandan kimi deyil, həm də strateji düşüncəyə malik hərbi lider kimi müharibənin ilk günlərindən həm cəbhə, həm diplomatik, həm də informasiya müstəvisində nümayiş etdirdiyi sərkərdəlik məharəti bu psixoloji üstünlüyün qorunmasında həlledici rol oynadı. Onun "Qarabağ - Azərbaycandır!" ifadəsi müharibənin simvoluna çevrildi.
Beləliklə, Vətən müharibəsinin strateji qırılma nöqtəsi sayılan Füzulinin azad edilməsi Azərbaycan ordusunun cənub istiqamətində sürətli irəliləyişinə şərait yaratdı. Cəbrayıl, Zəngilan, Qubadlı əməliyyatları ardıcıl şəkildə həyata keçirildi və bu, Şuşa uğrunda döyüşlərə qədər uzanan qələbə zəncirinin əsasını qoydu. Prezident İlham Əliyev bu hərbi uğurun Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyətə malik olduğunu bəyan etmişdir: "Füzuli şəhərinin azad olunması Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyinin təntənəsidir. Biz bu qələbə ilə tarixə adımızı qızıl hərflərlə yazdıq".
Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfər nəticəsində işğaldan azad edilən Füzuli artıq strateji, iqtisadi və mədəni baxımdan tamamilə yeni mərhələyə qədəm qoyub: "Bu gün Füzuli müasir şəhərsalma prinsipləri əsasında yenidən qurularaq regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayan mərkəzə çevrilib. Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biridir, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu torpaq əsrlər boyu sivilizasiyaların, ticarət yollarının və mədəniyyətlərin kəsişdiyi məkanda yerləşib. XIII-XIX əsrlərə aid Şeyx Babi Yaqub, Mirəli, Cəlil və digər türbələr bu ərazinin zəngin dini-mədəni irsini təsdiqləyir. Tarix boyu bir çox dövrlərin sınaqlarından çıxan bu torpaq XX əsrin sonlarında ağır işğal faciəsini yaşadı.
1993-cü il avqustun 23-də Füzulinin işğalı nəticəsində minlərlə insan doğma yurdunu tərk etdi, rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü. 2020-ci ilin payızında Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən ağır döyüşlər Azərbaycanın hərbi-siyasi tarixində mühüm önəm kəsb edir. Düşmənin uzun illər ərzində qurduğu istehkamların yarılması nəticəsində oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi müharibənin strateji axarını müəyyənləşdirdi. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, texnoloji üstünlüyünü və mənəvi birliyini dünyaya nümayiş etdirdi. 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur".
Deputat qeyd edib ki, Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri azad edilmiş ərazilərin gələcək inkişaf modelini müəyyənləşdirir. 2023-cü il martın 18-də təsdiqlənən "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" dayanıqlı urbanizasiya prinsiplərinə əsaslanır. Yeni enerji infrastrukturu, su anbarları, avtomobil yolları, yaşayış massivləri, sosial obyektlər və ağıllı idarəetmə sistemləri müasir şəhərsalma siyasətinin tərkib hissəsidir: "Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı regionu Cənubi Qafqazın iqtisadi və logistik mərkəzinə çevirir. Füzuli artıq Qarabağın əsas giriş qapısı kimi yeni strateji mövqe qazanıb. 2023-cü ildən etibarən Füzuliyə köç prosesi başlayıb, ilk mərhələdə 144 ailə, ümumilikdə 824 ailə (3141 nəfər) doğma torpaqlarına qayıdıb. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Füzulidə 22 min insanın daimi məskunlaşması planlaşdırılır. Bu, yalnız sosial layihə deyil, həm də milli dövlətçilik strategiyasının, azad torpaqlarda həyatın bərpası siyasətinin real təzahürüdür. Füzulinin dirçəlişi həm də dost və qardaş ölkələrin həmrəyliyinin nəticəsidir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, həmçinin Qırğızıstan və Türkmənistanın dəstək jestləri türk birliyinin mənəvi gücünü nümayiş etdirir. Bu layihələr mədəni diplomatiyanın praktiki ifadəsinə çevrilib.
Füzuli işğaldan azad edilmiş torpaqlarda qurulan yeni həyat modelidir. Burada həyata keçirilən layihələr təkmil dövlət idarəçiliyinin bariz nümunəsidir. Füzuli şəhəri konseptual baxımdan "yaşıl enerji", "ağıllı şəhər" və "sosial inteqrasiya" prinsipləri əsasında formalaşır. Bu gün Füzuli Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mərkəzində dayanır. Burada həyata keçirilən hər bir layihə - yeni yol, məktəb, yaşayış kompleksi və ya su anbarı azadlıqdan qaynaqlanan sabitlik və güclü iradənin ifadəsidir. Füzuli reallığa çevrilmiş milli ideyanı, bərpa olunan həyatı və parlaq gələcəyə olan inamı təcəssüm etdirir".
Alim