Bütün dünya Azərbaycan Ordusunun peşəkar hərbi hazırlığına şahidlik etdi- ÖZƏL
16 Oktyabr 10:31 Siyasət"27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başladılmış əks-həmlə əməliyyatları Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatdı. 30 ilə yaxın həllini gözləyən Vətənimizin ərazi bütövlüyünün bərpası 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən təmin edildi". "Olaylar" xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib: "44 gün ərzində davam edən müharibə sözün bütün mənalarında dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasəti özündə təcəssüm etdirdi. Bu zaman biz xalqımızın öz rəhbəri ətrafında sıx birləşdiyinin, ordusuna dəstək verdiyinin, həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. Bizimlə birlikdə bütün dünya Azərbaycan Ordusunun peşəkar hərbi hazırlığına, maddi texniki bazasının yüksək səviyyədəki təminatına və müharibə dövründə proseslərin operativ idarə edilməsinə şahidlik etdi. Cəbhədə Azərbaycan Ordusu qalib gəldikcə Azərbaycan diplomatiyası da öz işini uğurla icra etdi. Biz öz gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı bütün dünyaya bir daha Azərbaycanın ədalətli mövqedə olmasını hiss etdirmiş olduq.
Azərbaycan müharibəni qanunlar və beynəlxalq hüquq çərçivəsində aparmağı bacardı, münaqişə zamanı mülki şəxslərə, mülki infrastruktura toxunmadı. 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr - Füzuli şəhəri günü kimi qeyd edilir".