İlham Əliyev milli dövlət quruculuğu prosesinə yeni mərhələ gətirib

Qalib Azərbaycanın siyasi iradəsi regionda sülhün bərqərar olmasına xidmət edir

Prezident İlham Əliyevin bu yüksək ali vəzifəyə seçilməsindən 22 il ötür. Onun   2003-cü ildə prezident seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu, ölkənin siyasi və iqtisadi həyatında yeni inkişaf dinamikasına start verildi. Etiraf edilməlidir ki, geridə qalan 22 il ərzində daxili və xarici siyasət, iqtisadiyyat ordu quruculuğu, sosial siyasət kimi dövlət quruculuğu üçün vacib olan sahələrdə köklü islahatlar aparılıb. Şaxələndirilmiş xarici siyasət kursunu prioritet seçən Azərbaycan çoxsaylı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olub. Hazırda ölkəmzin iştirakı və razılığı olmadan regionda heç bir beynəlxalq layihənin reallaşdırılması mümkün deyil. Sözssüz ki, bu, Prezident İlham Əliyevin  yürütdüyü uğurlu xarici siyasət və iqtisadi islahatlar sayəsində mümkün olub. Bu gün İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yüksək nüfuz sahibi kimi qlobal proseslərdə aktivlik nümayiş etdirir. Ölkə başçısı təkcə regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı da qətiyyətli mövqe nümayiş etdirir. Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Məhz bu sadalanan səbəblərə görə, bir sıra beynəlxalq təşkilatlar, dünya liderləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər. Elə bu sadalanan səbəblərə görə, Prezident İlham Əliyev Avropa və dünya liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə təşrif buyurur, ali tribunalarda çıxış edir, qlobal məsələlərin həllinə töhfə verir. Heç şübhsiz ki, Azərbaycanın qalib və sülh təşəbbüskarı dövlət kimi təcrübəsi buna imkan verir. Bütün bu görüşlər və tədbirlər Azərbaycanın artan regional gücünü, artıq qlobal müstəvidə də söz sahibi olmasını sübut edir. Sadalanan naliyyətlər məhz İlham Əliyevin sərrast xarici siyasəti və analitik düşüncəsi sayəsində mümkün olub.
Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan Respublikasının inkişaf mərhələləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan dövlətçilik xətti ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun ardıcıl və yaradıcı şəkildə davam etdirilməsi nəticəsində ölkəmiz son illərdə hərtərəfli tərəqqiyə nail olmuş, beynəlxalq müstəvidə nüfuzlu mövqe qazanmışdır: "Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlər əsasında 2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən cənab İlham Əliyev milli dövlət quruculuğu prosesinə yeni mərhələ gətirmiş, ölkəmizin sosial-siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsini təmin etmişdir. Bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun lider dövləti, beynəlxalq əməkdaşlıq məkanında etibarlı tərəfdaş kimi tanınmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri ilə separatçılıq tamamilə aradan qaldırılmışdır. Beləliklə, dövlətimizin suverenliyi bütün ərazilərimizdə təmin olunmuş, Azərbaycanın milli maraqlarına əsaslanan yeni geosiyasi reallıqlar formalaşmışdır. Bu gün həmin reallıqlar üzərində dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması prosesi real mərhələyə qədəm qoymuşdur. Qalib Azərbaycanın siyasi iradəsi və diplomatik qətiyyəti regionda uzunmüddətli sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın bərqərar olmasına xidmət edir".
Onun sözlərinə görə, qələbədən sonra ölkəmizdə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın gücünü, iqtisadi potensialını və strateji hədəflərinin ardıcıl həyata keçirildiyini nümayiş etdirir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, ağıllı şəhər və kənd layihələrinin icrası dövlətin gələcəyə yönəlik baxışının və planlı inkişaf modelinin təzahürüdür. Artıq azad edilmiş ərazilərdə məskunlaşma prosesinin başlanması, ilk ailələrin doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpası və milli həmrəyliyin rəmzinə çevrilmişdir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün beynəlxalq miqyasda etibarlı, prinsipial və təşəbbüskar tərəfdaş kimi çıxış edir. Ölkəmizdə keçirilən COP29 İqlim Konfransı, BMT-nin Sivilizasiyalar Alyansı Forumunun, Bakı Enerji Həftəsinin, Türk Dövlətləri Təşkilatının sammitlərinin və digər mötəbər beynəlxalq tədbirlərin uğurla təşkili Azərbaycanın qlobal səviyyədə nüfuzunun göstəricisidir. Bu tədbirlər Azərbaycanın sülhün, təhlükəsizliyin, ekoloji dayanıqlığın və beynəlxalq əməkdaşlığın təşəbbüskarı kimi fəaliyyətini daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə etmişdir. Enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində reallaşdırılan layihələr ölkəmizin dayanıqlı inkişafına və regionda aparıcı iqtisadi gücə çevrilməsinə xidmət edir. Sosial siyasətin əsas məqsədi vətəndaş rifahının yüksəldilməsi, əhalinin sosial təminat sisteminin təkmilləşdirilməsi və ədalətli bölgü mexanizmlərinin formalaşdırılması olmuşdur.
Prezident İlham Əliyevin siyasi fəaliyyəti xalqla dövlət arasında möhkəm etimad və həmrəylik mühitinin yaranmasına, idarəetmədə səmərəliliyin və məsuliyyətin artırılmasına xidmət edir. Söz ilə əməlin vəhdətini yaradan dövlət başçısı öz qətiyyətli qərarları, ardıcıl fəaliyyəti və milli maraqlara sadiqliyi ilə Azərbaycanın sabitliyini, müstəqilliyini və gələcək inkişafını təmin etmişdir.
Bu gün qüdrətli, müasir və nüfuzlu Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda və beynəlxalq aləmdə sülhün, əməkdaşlığın və tərəqqinin simvoluna çevrilmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: "Biz bundan sonra da öz sözümüzə sadiq qalacağıq, istədiyimizə nail olacağıq. Əsas məqsədimiz Azərbaycanın güclənməsi, xalqımızın daha yaxşı yaşamasıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31