Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi maraq doğuran məsələləri müzakirə edib

15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.

Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Ramil Həsəni belə nir mötəbər quruma baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.

Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31