Füzuli şəhəri beynəlxalq əməkdaşlıq məkanına çevrilib- ÖZƏL

"İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, Füzuli də müasir tələblər səviyyəsində yenidən qurulur, sakinlərin burada rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanov deyib: "2020-2025-ci illər ərzində dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bu bölgənin Qarabağın sosial-iqtisadi mərkəzlərindən birinə çevrilməsini təmin edib. İlk olaraq 16 noyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılmış və Zəfər yolunun təməli qoyulmuşdur. Ardınca qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, Füzuli şəhərinin Baş planının, xəstəxana və "Ağıllı kənd" layihələrinin təməlləri atılmışdır.

2021-2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər yolunun, Füzuli-Hadrut və Füzuli-Ağdam avtomobil yollarının, Füzuli Rəqəmsal Yarımstansiyasının, Peşə Liseyinin, yaşayış komplekslərinin və məktəblərin inşasına başlanmışdır. Cəmi 8 ayda tikilən və "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilmişdir.

Füzuli şəhəri beynəlxalq əməkdaşlıq məkanına çevrilmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur. Eyni zamanda Qırğızıstan, Belarus və Türkmənistan liderləri də Füzuliyə səfər edərək şəhərin bərpa planı ilə tanış olmuşlar. Ümumilikdə, torpaqlarımızın işğaldan azad edilməsindən ötən təxminən beş illik dövr, Qarabağ və Şərqi Zəngəzurda misilsiz və genişmiqyaslı bərpa və quruculuq təntənəsi ilə yadda qalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31