Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər- ÖZƏL
14:20 Siyasət"Azərbaycanın beynəlxalq məsələlərdə ədalətli mövqeyi, hər zaman sülhün yanında olması ölkəmizə olan diqqəti artırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Azərbaycan Prezidentinin Misirdə keçirilən Qəzza sammitində iştirakı da bununla bağlıdır. Məlum olduğu kimi, dövlət başçımız sözügedən sammitə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Abdülfəttah əs-Sisi tərəfindən dəvət edilmişdi. Sammit çərçivəsində cənab Prezidentlə D.Tramp arasında keçirilən görüş, eləcə də digər dövlət başçıları ilə təmaslar Azərbaycana yüksək səviyyəli münasibəti bir daha təsdiqlədi.
Orta güc kimi Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir.
Şübhəsiz, Yaxın Şərqdə sülh sammiti tarixi əhəmiyyət daşıyır, burada imzalanan yekun sənəd uzunmüddətli münaqişəyə son qoymağa hesablanıb. Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək".