Paşinyanın siyasi qalxanı: Qərbin dəstəyi Rusiyayönümlü bloku necə zərərsizləşdirir? – ÖZƏL

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan iş adamı Samvel Karapetyanın təsis etdiyi "Bizim Yolumuz" hərəkatı İrəvanda ilk hesabat yığıncağını keçirib.
Erməni mediası hərəkatı 2026-cı il parlament seçkilərində Baş nazir Nikol Paşinyanın partiyasına qarşı əsas alternativ kimi qiymətləndirir. Cəmi ay yarım ərzində hərəkata 5 000 könüllü qoşulub.
"Bizim Yolumuz" Paşinyan rejimini siyasətdəki passivlik və geosiyasi uğursuzluqlara görə tənqid edir. Hərəkat, Karapetyanın seçkilərdə iştirakını əngəlləmək üçün istintaqın bilərəkdən uzadıldığını iddia edir və yaxın günlərdə İrəvanın Azadlıq meydanında onun azadlığı tələbi ilə böyük mitinq keçirməyi planlaşdırır.
Hərəkat Rusiya ilə ənənəvi dostluğa sadiq olduğunu bəyan edib. Onlar köhnə elitanın nümayəndələri (Robert Köçəryan, Serj Sərkisyan) ilə birbaşa seçki ittifaqını istisna etsələr də, əməkdaşlıq üçün qapıların açıq olduğunu bildiriblər.

Bu hərəkat 2026-cı il seçkilərinin nəticələrini həlledici dərəcədə dəyişə biləcəkmi? Samvel Karapetyan Paşinyanın siyasi dayaqlarını nə dərəcədə sarsıda bilər?

"Rusiyalı erməni əsilli milyarder Samvel Karapetyanın yaratdığı "Bizim Yolumuz" hərəkatı əslində "Bizim yolumuz Rusiyadır" prinsipi üzərində formalaşıb. Əgər bu təşkilatın adı birbaşa "Bizim yolumuz Rusiyadır" olsaydı, bu, həm daha səmimi təsir bağışlayardı, həm də xalq arasında daha çox tərəfdar qazana bilərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu təşkilatın nə qurucuları, nə də siyasi fəaliyyət istiqamətləri əslində Samvel Karapetyanın öz təşəbbüsü deyil. Hərəkat, açıq və ya dolayı yolla Rusiyanın siyasi emissarları tərəfindən yönləndirilir. Onun son zamanlar fəallaşması da, bildiyiniz kimi, Ermənistanda kilsəyə qarşı başlayan yeni hücum dalğası ilə əlaqədar ola bilər.

Rusiya çalışır ki, Ermənistandakı son tərəfdarlarını mümkün qədər qoruyub saxlasın. Karapetyan tərəfdarlarının Köçəryan və Sarkisyanla yeni blokda birləşməsinin iki əsas səbəbi var: Birincisi, xalq arasında Köçəryan və Sarkisyana qarşı mövcud olan nifrət hissindən istifadə edib rəğbət qazanmaq;
İkincisi isə, bu şəxslərin bir yerdə olmadıqları görüntüsünü yaratmaqla, Nikol Paşinyanın onlara qarşı birgə əks-hücum kampaniyası aparmasının qarşısını almaqdır", - deyə ekspert fikirlərinə əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, Nikol Paşinyan da tək bir siyasi fiqur deyil, o da Qərbin Ermənistandakı adamıdır. Onun arxasında Qərbin siyasi texnoloqları dayanır, onlar Paşinyanın fəaliyyətini daim istiqamətləndirirlər. Ermənistanın yalnız Rusiyaya işləyən xüsusi xidmət orqanları yox, həm də Qərbin daha peşəkar kəşfiyyat strukturları ölkədəki vəziyyəti yaxından izləyir və Paşinyanı istənilən siyasi mərhələyə hazır vəziyyətdə saxlayırlar.

Ekspertin fikrincə, Karapetyan tərəfdarları adı altında cəmiyyətdə toplanmış 5 min könüllü növbəti seçkilərdə Nikol Paşinyan üçün ciddi rəqibə çevrilə bilməyəcək. Amma nəzərə alsaq ki, burada həm də xalq arasında müəyyən nüfuza malik olan, ölkənin demək olar ki, bütün regionlarına təsir edən və artıq 200 ildir Rusiyanın sadiq dayağına çevrilmiş kilsə ruhaniləri mövcuddur, vəziyyət tam da sadə deyil.

"Bununla yanaşı, uzun illər hakimiyyətdə olmuş, bu gün isə parlament müxalifəti funksiyasını üzərinə götürmüş Robert Köçəryan və Serj Sarkisyan tərəfdarları da siyasi səhnədə qalmaqdadır. Nə qədər pərakəndə görünsələr də, bu qüvvələr, həmçinin dövlət qurumlarında hələ də təsir imkanlarına malik olan Rusiyameyilli qruplar gələcək mərhələdə Ermənistanda Nikol Paşinyan üçün ciddi rəqibə çevrilə bilər. Amma qeyd etdiyim kimi, bu prosesdə Paşinyan da təhdid altında deyil. O, Qərbin adamı kimi həm açıq, həm də gizli dəstəkdən istifadə edərək öz mövqeyini daha da gücləndirə biləcək", - deyə Taleh Əliyev sonda vurğulayıb. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31