İlham Əliyev müasir, güclü və qalib Azərbaycanın memarıdır- ÖZƏL

"Bu gün müasir Azərbaycanın inkişaf tarixində mühüm mərhələ - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 22 ili tamam olur. 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu illər ərzində ölkəmizdə iqtisadi sabitlik təmin olunub, sosial rifah yüksəlib, infrastruktur tam yenilənib, müasir ordu formalaşdırılıb, beynəlxalq nüfuz möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionun siyasi, iqtisadi və enerji təhlükəsizliyində aparıcı rol oynayan ölkə kimi tanınır. Onun həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının etibarlı tərəfdaşına çevrilib, ölkəmizin söz sahibi kimi çıxış etdiyi qlobal təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın birliyi və dövlətimizin qüdrətinin rəmzinə çevrilib. Postmüharibə dövründə azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramı isə bu siyasətin davamlı inkişaf modelinin təzahürüdür.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial, iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və regional inkişaf proqramları ölkə vətəndaşlarının rifahını artırıb, Azərbaycanın dayanıqlı inkişafını təmin edib.
Hər bir seçkidə xalqın böyük etimadı və dəstəyi ilə qalib gələn İlham Əliyev, xalqın iradəsinə söykənən lider, dövlətçiliyimizin təminatçısı kimi tarixə adını qızıl hərflərlə yazdırıb.
Azərbaycanın bu günkü uğurları, dünya miqyasında qazandığı hörmət və nüfuz, xalqın dövlətinə olan inamı - Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
 Cənab Prezident İlham Əliyev müasir, güclü və qalib Azərbaycanın memarıdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31